Dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

30 iyun 2026-cı ildə BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası, Nanomaterialların kimyəvi fizikası kafedralarının və BDU-nun Fizika Problemləri ETİ-nun Kondensə olunmuş hal fizikası şöbəsinin birgə elmi seminarında "Yarımkeçiricilər fizikası" kafedrasının doktorantı Balayeva Lamiyə Azər qızının 2220.01 Yarımkeçiricilər fizikası ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Ga1-xBxSe bərk məhlullarında qeyri – tarazlıqlı elektron hadisələri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri professor Maarif Cəfərov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Balayeva Lamiyə dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.r.e.d. prof., Rəhim Səlimov və f.r.e.n. dos., Mustafa Muradov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Lamiyə Balayevanın fizika üzrə fəlsəfə elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Balayeva Lamiyə Azər qızının təqdim etdiyi "Ga1-xBxSe bərk məhlullarında qeyri – tarazlıqlı elektron hadisələri" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2220.01 – "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.