Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
11 yanvar 2022-ci ildə BDU-nun Fizika Problemləri ETİ-nun Biofizika şöbəsinin və BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika, Maddə quruluşu kafedralarının Microsoft Teams platforması üzərindən birgə elmi seminarında BDU-nun Fizika Problemləri İnstitunun sabiq doktorantı Abbasov Hakim Fikrət oğlunun 2204.01 – “Maye fizikası” ixtisası üzrə “Müxtəlif fraksiyalı polietilenqlikolların sulu məhlullarında və bir sıra suspenziyalarda qarşılıqlı təsir və struktur xüsusiyyətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Optika və molekulyar fizika kafedrasının müdiri professor Rəna Qasımova iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Hakim Abbasov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.e.d. Gülnarə Haqverdiyeva və f.e.d. Cahangir Hüseynov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Hakim Abbasovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Abbasov Hakim Fikrət oğlunun təqdim etdiyi “Müxtəlif fraksiyalı polietilenqlikolların sulu məhlullarında və bir sıra suspenziyalarda qarşılıqlı təsir və struktur xüsusiyyətləri” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2204.01 – “Maye fizikası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən BED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.