Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
24 iyun 2023-cü ildə BDU-nun Fizika fakültəsinin Fiziki elektronika, Yarımkeçiricilər fizikası kafedralarının və BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi-Tədqiqat laboratoriyasının birgə elmi seminarında "Nanomaterialların kimyəvi fizikası" kafedrasının III kurs doktorantı, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi-Tədqiqat laboratoriyasının kiçik elmi işçisi Güləhmədov Orxan Güləhməd oğlunun 2222.01- “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Mikro- və nanostrukturlu polisiloksan və neylon təbəqələr əsasında triboelektrik generatorlar" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri dosent Faiq Paşayev iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Orxan Güləhmədov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.r-.e.n. Elşən Nəsirov və f.e.d. Əli Hüseynov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Orxan Güləhmədov fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Güləhmədov Orxan Güləhməd oğlunun təqdim etdiyi "Mikro- və nanostrukturlu polisiloksan və neylon təbəqələr əsasında triboelektrik generatorlar" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2222.01- “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.