Dissertasiya işinin müdafiəsi keçirilib
4 mart 2022-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Nəqliyyat fakültəsinin” Fizika və Kimya kafedrasının müəlliməsi və sabiq dissertantı İsayeva Aida Əjdər qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasında 2211.01 – “Bərk cismlər fizikası” ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "(CoFe)75Si10B15 və CoFe amorf maqnetiklərin maqnit və maqnitooptik xassələri" mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
Dissertasiya Şurasının sədri, fizika üzrə elmlər doktoru, dosent Hüseyn Məmmədov iclası açıq elan edərək bildirdi ki, 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.-r.e.d., dosent Bəxtiyar Gülmalı oğlu Paşayev Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Aida İsayeva dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Aida İsayeva bildirdi ki, dissertasiya işi, “(CoFe)75Si10B15 və CoFe amorf maqnetiklərin maqnit və maqnitooptik xassələri”nin tədqiqinə həsr olunub.
İşdə, müxtəlif xarakterli termik, həm sabit, həm də dəyişən maqnit sahələrində termomaqnit emallara məruz qalmış (CoFe)75Si10B15 və CoFe maqnetiklərin maqnit və maqnitooptik xassələrində yaranan xüsusiyyətlərin mexanizmləri müəyyənləşdirilmiş və onların praktiki tətbiq imkanları araşdırılmışdır.
Rəsmi opponnetlər:- Bakı Dövlət Universiteti, Fizika Problemləri ETİ, Kondensə olunmuş hal fizikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, dosent Fərhad Ərəstun oğlu Rüstəmov, Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri, fizika elmləri doktoru, professor Məntiq Bahadur oğlu Cəfərov, AMEA Fizika İnstitutunun “Nazik təbəqəli strukturlar” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Səidə Qılman qızı Əsədullayeva dissertasiya işi haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi. İddiaçı iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri AMEA-nın müxbir üzvü, f.-r.e.d., professor Oktay Qasımov, f.e.d., professor Əli Hüseynov, f.-r.e.d., professor Şahlar Əsgərov və dissertasiya işinin elmi rəhbəri Azərbaycan Memarlıq və İnşaat Universiteti Nəqliyyat fakültəsinin "Fizika və Kimya" kafedrasının məsləhətçi professoru, f.r.e.d. Tahir Pənahov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri iddiaçı Aida Əjdər qızı İsayevanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında Bakı Dövlət Universitetinin nəzdindəki ED 2.19 Dissertasiya Şurası Aida Əjdər qızı İsayevaya 2211.01 “Bərk cismlər fizikası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!