Dissertasiya işinin müdafiəsi keçirilib
4 oktyabr 2024-cü ildə ETN-nin Fizika İnstitutunun "Nüvə və Yüksək enerjilər fizikası" laboratoriyasının elmi işçisi, doktorant Nəsibova Nərmin Əliməmməd qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2212.01 – Nəzəri fizika ixtisası üzrə "Sonlu temperaturda adron qarşılıqlı təsirlərinin holoqrafik kvant xromodinamikasında tədqiqi" mövzusunda fizika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədr müavini AMEA-nın müxbir üzvi, professor Aydın Kazımzadə iclası açıq elan edərək 20 nəfər Şura üzvündən 18 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d Şəhla Hacıyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Nərmin Nəsibova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Nərmin Nəsibova bildirdi ki, dissertasiya işi, Ağır ionların toqquşması nəticəsində yaranmış adronların qarşılıqlı təsir proseslərinə uyğun formfaktorlarının və qarşılıqlı təsir sabitlərinin temperatur asılılığının tədqiqinə həsr olunub. İşdə, barionların(nuklonların və Δ barionların) müxtəlif mezonlarla (ρ, 𝜔, a1) qarşılıqlı təsir sabitinin temperatur asılılığı kvark rayihə sayının müxtəlif qiymətlərində öyrənilib, Rarita Şvinger tənliyi ilk dəfə sonlu temperaturda həll olunub, həmçinin nuklonların aksial vektor formfaktoru, aksial vektor keçid form faktoru, nuklonların effektiv kütləsi və aksial radiusu sonlu temperaturda AdS/QXD-nin yumşaq divar modelində tədqiq olunmuşdur. Tədqiqatın nəticəsində ilkin Kainatın təkamülü, neytrino təcrübələri və kvark-qlüon plazması haqqında informasiya verən, CERN və bir çox sürətləndirici mərkəzlərin nəticələrini izah edə biləcək çox mühüm nəticələr əldə edilmişdir. Rəsmi opponentlər ODTU-nün professoru Təhmasib Əliyev, AMEA-nın həqiqi üzvü, professor Səlimə Mehdiyeva, BDU-nun “Nəzəri fizika” kafedrasının müdiri Məmməd Rəcəbov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri professor Aydın Kzımzadə, professor Əli Hüseynov, f.e.d. Gülnarə Haqverdiyeva, f.-r.e.n. Məcid Qocayev, elmi rəhbər Şahin Məmmədov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Nərmin Nəsibovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Nərmin Əliməmməd qızı Nəsibovaya 2212.01 – Nəzəri fizika ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!