Dissertasiya işinin müdafiəsi keçirilib
12 iyun 2024-cü ildə AzMİU-nun Nəqliyyat fakultəsinin Fizika və Kimya kafedrasının sabiq dissertantı Bayramova Aynurə İsa qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2211.01 - “Bərk cisimlər fizikası” ixtisası üzrə "CuIn5S8 və Cu3In5S9 kristallarının elektrik, fotoelektrik və optik xassələrinin xüsusiyyətləri" mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri Hüseyn Məmmədov iclası açıq elan edərək 20 nəfər Şura üzvündən 19 nəfərinin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Aynurə Bayramovanın dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Aynurə Bayramova bildirdi ki, dissertasiya işində tədqiqat obyektləri olan və praktiki və nəzəri maraq kəsb edən defektli quruluşlu CuIn5S8 və Cu3In5S9 kristallarının elektrik, fotoelektrik və optik xassələrinin tədqiqinə həsr olunb. CuIn5S8 və Cu3In5S9 birləşmələrinin sintezi, monokristallarının yetişdirilməsi və nazik təbəqələrinin alınması üçün optimal rejimli texnoloji üsullar işlənmiş və alınan məmulatların fundamental parametrləri müəyyən edilmişdir. İlk dəfə olaraq vakuum şəraitində termik buxarlandırma üsulu ilə maye səth üzərində mürəkkəb tərkibli CuIn5S8 yarımkeçirici birləşmənin nazik təbəqəsi alınmış və onun optik udma əmsalının spektri çıxarılmışdır. Spektrin strukturunun interpretasiyasında kristal qəfəsin anion və kation alt qəfəslərinin vakansiyaları hesabına formalaşmış uyğun olaraq donor və akseptor səviyyələrinin qadağan olunmuş zonada yerləşmə enerjiləri müəyyən edilmişdir. Hər iki kristallarda əsas yükdaşıyıcıların Holl yürüklüyü geniş temperatur intervalında təyin edilmiş və cərəyan keçirmə mexanizmlərinin temperaturdan asılı olaraq dinamikası izah edilmişdir. Yetişdirilmiş kristal nümunələrin və nazik təbəqələrin fotoelektrik xassələri optik həyəcanlaçmanın geniş diapazonunda tədqiq edilmiş və Cu3In5S9 kristalında qeyri-tarazlıqlı yükdaşıyıcıların sürətli rekombinasiya kanalları aşkar edilmiş. Bu xüsusiyyətdən istifadə etməklə ifrat yüksək tezlikli fotorezistorların hazırlanmasının mümkünlüyü göstərilmişdir.
Yeni işlənmiş texnologiyalarla alınmış CuIn5S8 və Cu3In5S9 birləşmələrin fotohəssas nazik təbəqələrinin germanium təbəqəsi, titan oksid və gümüş nanozərrəcikləri ilə kombinasiyalı quruluşları əsasında fotokatalizator hazırlanmış və onlar suyun elektrolitik parçalanması ilə hidrogen alınmasında tətbiq edilmişdir.
Dissertasiya işinin elmi rəhbəri fizika elmləri doktoru, professor Əli Hüseynov dissertantın nail olduğu elmi uğurlardan, yetkin eksperimental tədqiqatçı kimi göstərdiyi bacarıqlardan bəhs etmiş və dissertasiya müdafiəsinin diskussiyalı şəraitdə müvəffəqiyyətlə keçdiyinə görə şura üzvlərinə təşəkkürünü bildirmişdir.
Rəsmi opponentlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi fizika” kafedrasının müdiri, fizika elmləri doktoru, professor Cahangir Hüseynov İslam oğlu, Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professoru fizika elmləri doktoru, professor Babayeva Rəna Fikrət qızı, Bakı Dövlət Universiteti, Fizika fakültəsinin Tədris işləri üzrə dekan müavini və “Fiziki elektronika” kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru, Məmmədov Vüsal Usub oğlu dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Aynurə Bayramova fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Aynurə İsa qızı Bayramovaya 2211.01 – Bərk cisimlər fizikası ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!