Dissertasiya işinin müdafiəsi keçirilib
17 yanvar 2024-cü ildə BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2211.01 - Bərk cisimlər fizikası ixtisası üzrə BDU-nun Fizika fakültəsinin "Ümumi fizika və fizikanın tədrisi metodikası" kafedrasının dosenti, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun sabiq doktorantı Eldar Şahsuvar oğlu Ələkbərovun "А3В3С qrupunun birləşmələri əsasında bərk məhlulların nazik təbəqələrində faza keçidləri və kristallaşma kinetikası" mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri fizika elmləri doktoru Hüseyn Məmmədov iclası açıq elan edərək 21 nəfər Şura üzvündən 17 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva ED 2.19 Şurasına daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Eldar Ələkbərov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Eldar Ələkbərov bildirdi ki, dissertasiya işi А3В3С qrupunun birləşmələri əsasında bərk məhlulların nazik təbəqələrində faza keçidləri və kristallaşma kinetikasının tədqiqinə həsr olunb. А3В3С qrupuna daxil olan yarımkeçiricilərin faza keçidləri, ilk növbədə struktur dəyişikliklərinin tədqiqi dünyanın elmi mərkəzlərinin diqqətindədir. Qeyd olunan qrupa daxil olan yarımkeçirici birləşmələrin bərk məhlullarının ifratnazik təbəqəli nümunələrində müxtəlif proseslərin öyrənilməsi elmi əhəmiyyətə malikdir. Çünki bu istiqamətdə əldə olunan nəticələr ayrı-ayrı nanoqalınlıqlı layların və onlar arasındakı sərhədlərin mükəmməl struktura malik coxtəbəqəli heterostrukturlar və ifrat qəfəslərin yaradılmasında istifadə edilə bilər. Müvafiq tərkibli iri monokristallik nümunələrin xüsusiyyətlərindən əsaslı surətdə kvant xassələri ilə fərqlənən bu cür təbəqələr fiziki və optik parametrlərinə görə naziktəbəqəli strukturların nanotexnologiyasında xüsusi əhəmiyyət kəsb edir.
Müdafiə olunmuş dissertasiya işinin rəsmi opponentləri AMEA-nın müxbir üzvü, f.-r.e.d., professor Səmədov Oktay Əbil oğlu, AMEA-nın müxbir üzvü, f.-r.e.d., professor Mehdiyeva Səlimə İbrahim qızı, f.-r.e.d., professor Fiqarova Sofya Rüstəm qızı, f.e.d., professor Cəfərov Məntiq Bahadur oğlu icra olunmuş işin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvü f.e.d., professor Əli Hüseynov və dissertasiya işinin elmi məsləhətçisi f.-r.e.d., professor Hüseyn İbrahimov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Eldar Ələkbərovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası tərəfindən Eldar Şahsuvar oğlu Ələkbərovun 2211.01 - Bərk cisimlər fizikası ixtisası üzrə fizika elmlər doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırıldı.
Təbrik edirik!