Dissertasiya işinin müdafiəsi keçirilib
22 may 2024-cü ildə BDU-nun Fizika fakültəsinin “Bərk cisimlər fizikası” kafedrasının sabiq doktorantı Əmirov Şahmərdan Şahbaz oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2211.01 - “Bərk cisimlər fizikası” ixtisası üzrə “Metamateriallarda və qeyri - xətti optik kristallarda lazer şüalanmalarının üç və dörd tezlikli qarşılıqlı təsirləri“ mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri fizika elmləri doktoru, dosent Hüseyn Məmmədov iclası açıq elan edərək 20 nəfər Şura üzvündən 20 nəfərinin də iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Şahmərdan Əmirov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Şahmərdan Əmirov bildirdi ki, dissertasiya işi, metamateriallarda, qeyri-xətti optik kristallarda və optik liflərdə lazer şüalanmalarının üç və dörd tezlikli qarşılıqlı təsirlərinin tədqiqinə həsr olunb. İşdə dielektrik və maqnit nüfuzluqları müəyyən tezlik oblastında eyni zamanda mənfi qiymət alan metamateriallarda doldurucu dalğanın yüksək və aşağı tezliklərində siqnal dalğası tezliyinə çevrilmə effektivliyi və siqnal dalğasının güclənmə əmsalı nəzəri olaraq təhlil edilmiş və müxtəlif parametrlərdən asılılıqlar müəyyən edilmişdir. Dalğa ədədləri fərqinin optimal qiymətlərində siqnal dalğasının güclənmə əmsalının vahiddən böyük olması göstərilmişdir. Kubik qeyri-xətti qavrayəcılığa malik metamaterialda siqnal dalğasının güclənmə əmsalı, doldurucunun intensivliyinin astana qiyməti, metamaterialın qaytarma əmsalı və bu əmsalın maksimumuna uyğun dalğa ədədləri fərqinin optimal qiymətləri üçün analitik ifadələr hesablanmış və digər nəzəri yaxınlaşmalardan fərqli olaraq boşuna dalğanın da intensivliyindən asılı olduğu müəyyən edilmişdir. Ultra qısa impulsların qarşılıqlı təsiri nəticəsində yaranan cəm tezlikli impulsun spektrinin mərkəzi tezliyində spektral sıxlığının metamaterialdakı qiymətinin adi qeyri-xətti mühitdəki qiymətindən bir tərtib böyük olması, enejinin kvazistatik və dispersiya yayılması uzunluqlarından asılı olaraq maksimumlara malik olması və enerjinin öz maksimum qiymətini metamaterialın çıxışında deyil, onun girişində alması müəyyən edilmişdir. Qeyri-bircins sındırma əmsalına malik optik liflərdə qeyri-stasionar qısaldılmış tənliklərin Tağıyev-Çirkin yaxınlaşmasında (sabit intensivlik yaxınlaşması) həll edilərək ikinci harmonika və cəm tezlikli impulsların intensivlikləri və davametmə müddətləri üçün analitik həllər alınmış və bircins mühitlə müqayisə edilmişdir. Erbiumla aşqarlanmış sink-oksid nanokompozit təbəqələrində üçüncü optik harmonikanın intensivliyi və nümunələrin koherent uzunluğu hesablanmış və doldurucunun intensivliyindən, aşqarın konsentrasiyasından və nümunələrin qalınlığından asılılıqları müəyyən edilmişdir. Lazer rezonatoru daxilində ikinci harmonikanıneffektivliyinin maksimumuna uyğun qeyri-xətti optik kristalın optimal uzunluğu analitik hesablanmış və kaskad sxemi ilə üçüncü harmonikanın yaranması üçün optimal faza şərti tapılmışdır..
Rəsmi opponentlər AR ETN-nin Radiasiya Problemləri İnstitutunun “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Səmədov, BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru, fizika elmləri doktoru Əli Həsən oğlu Hüseynov, ADNSU-nun Fizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Müsavər Abdusalam oğlu Musayev, AR ETN-nin Azərbaycan Texnologiya Universitetinin Ümumi və tətbiqi fizika kafedrasının müdiri, fizika elmləri doktoru, professor Məntiq Bahadur oğlu Cəfərov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra, dissertasiya işinin elmi məsləhətçisi, BDU-nun “Optika və molekulyar fizika“ kafedrasının müdiri, f.-r.e.d, professor Rəna Cümşüd qızı Qasımova iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədi.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Şahmərdan Əmirovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Şahmərdan Şahbaz oğlu Əmirova 2211.01 – Bərk cisimlər fizikası ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!