Fizika fakültəsinin doktorantı dissertasiya müdafiə edib

29 oktyabr 2025-ci il tarixində BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının qiyabi doktorantı Əfsanə Ehtibar qızı Surxaylının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasında 2206.01 – “Molekulyar fizika” ixtisası üzrə “Si-PS və Si-PVX polimer nanokompozitlərin quruluşu və fiziki xassələri” mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri BDU-nun elm və innovasiyalar üzrə prorektoru, dosent Hüseyn Məmmədov iclası açıq elan edərək 21 nəfər Şura üzvündən 18 nəfərin iştirak etdiyini, buna görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Əfsanə Surxaylı dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. O, bildirdi ki, dissertasiya işi Si nanohissəcikləri ilə modifikasiya olunmuş PS və PVX əsaslı polimer nanokompozitlərin üstmolekulyar quruluşunun, istilik, termodinamik və optik xüsusiyyətlərinin kompleks şəkildə tədqiq edilməsinə həsr olunub. İşdə, müxtəlif konsentrasiyalarda və fərqli kristallaşma-temperatur-zaman (KTZ) rejimlərində hazırlanmış nanokompozitlərin daxili quruluşu, səth morfologiyası və nanohissəciklərin polimerdə dispersiya dərəcəsi skanedici elektron mikroskopiya (SEM) və keçirici elektron mikroskopiya (KEM) metodları ilə, kristallik quruluşu, faza tərkibi və kristallit ölçüləri isə rentgen difraksiya (RD) metodu ilə tədqiq edilib. Molekulyar quruluş və struktur xüsusiyyətləri İnfraqırmızı və Raman spektroskopiya üsulları ilə müəyyən edilib. Nanokompozitlərin termik davamlılığı, faza keçidləri, şüşələşmə temperaturu və parçalanma mexanizmləri TQA, DTA və DSK analizləri vasitəsilə öyrənilib, Coats–Redfern metodu tətbiq edilməklə istilik destruksiyasının kinetik və termodinamik parametrləri hesablanıb. Bundan əlavə, spektroskopik ellipsometriya metodu ilə alınmış nümunələrin optik xassələri təhlil edilərək Si nanohissəciklərinin polimer matrisə təsir mexanizmləri müəyyən edilib. Rəsmi opponentlər – ARETN-nin Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Fizika kafedrasının müdiri, fizika elmləri doktoru, professor Müsavər Musayev və BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi, fizika elmləri doktoru, dosent Gülşən Ağayeva dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri professor Niftalı Qocayev, professor Aydın Kazımzadə, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, dissertasiya işinin elmi rəhbərləri professor Bəxtiyar Paşayev və Həbibə Şirinova iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Əfsanə Ehtibar qızı Surxaylının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Əfsanə Ehtibar qızı Surxaylıya 2206.01 – “Molekulyar fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!