Fizika fakültəsində “Zəfərə gedən yol” adlı tədbir keçirilib

03 noyabr 2025-ci il tarixində II Qarabağ savaşında qazanılmış Böyük Zəfərin 5 illiyinə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra Ulu Önbər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canından keçmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Zəfərə gedən yol” adlı məruzə ilə çıxış edib. O, 5 il əvvəl qazanılmış Böyük Zəfərin əldə edilməsi üçün Ulu Öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən görülmüş çoxşaxli işlərdən danışıb, Zəfərimizin tarixi, mənəvi, maddi-iqtisadi və siyasi əhəmiyyətini qeyd edib. Bəxtiyar Paşayev Fizika fakültəsinin məzunlarının torpaqlarımızın azadlığı uğrunda savaşlarda qəhrəmanlıq göstərdiklərini, Rövşən Hüseynov və Vahid Quliyevin I Qarabağ savaşında göstərdikləri şücaətə görə “Milli Qəhrəman” adına layiq görüldüklərini, Şəhriyar Həbibi və Fikrət Zeynallının II Qarabağ savaşında şəhid olduqlarını diqqətə çatdırıb.
Sonra Fizika fakültəsi könüllülərinin Zəfər günü münasibətilə hazırladığı videoçarxı nümayiş olunub.
Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının professoru, YAP Veteranlar şurasının üzvü, 2-dərıcəli Dövlət müşaviri Adilə xanım Abbasova, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, Laçın rayonunda böyümüş Maarif Cəfərov Böyük Zəfərimizlə bağlı ürək sözlərini söyləyiblər.
Böyük Zəfərimiz münasibətilə Fizika fakültəsinin əməkdaşları Bəxtiyar Paşayev, Lətif Əliyev və Məmməd Rəcəbovun Zəfərə həsr etdikləri təqdimatla bağlı Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyev çıxış edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Böyük Zəfərimizin simvolu olan “Qarabağ Azərbaycandır” sözlərinin səs spektrinin hazırlandığını və cənab Prezidentin “Səs imzası” adlı xalça şəklində işləndiyini bildirib. Fizika fakültəsinin l kurs Fz294 qrupunun tələbəsi Aysun Hüseynova Qarabağımıza, Zəfərimizə özünün həsr etdiyi maraqlı esse ilə çıxış edib. Sonra Tələbə Elmi Cəmiyyətinin hazırladığı videoçarx təqdim olunub. Fizika fakültəsinin tələbələri Fatimə Cəfərova və Sevgi Şirinova işğal dövründə və Böyük Zəfər qazanıldıqdan sonra yazılmış şerləri səsləndiriblər. Tədbirin sonunda fakültənin əməkdaşı Sona Güləhmədova “Yaşa Azərbaycan” mahnısını ifa edib.