Dissertasiya işinin müdafiəsi keçirilib
22 sentyabr 2023-cü ildə ARETN-nin Fizika İnstitutunun dissertantı Xanməmmədova Elmira Ələsgərovnanın BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2211.01 – “Bərk cisimlər fizikası” ixtisası üzrə fizika üzrə “ZnS(Se)-ZnTe sistemi nazik təbəqələrinin və onların əsasında strukturların elektron xassələri” fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri professor Məmmədov Hüseyn iclası açıq elan edərək 21 nəfər Şura üzvündən 20 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Hacıyeva Şəhla Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Xanməmmədova Elmira dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Xanməmmədova Elmira bildirdi ki, dissertasiya işi, kimyəvi və elektrokimyəvi çökdürmə metodları ilə alınmış nanoquruluşlu ZnS(Se)-ZnTe təbəqələrində və onların əsasında hazırlanmış strukturlarda elektron proseslərinin və cərəyankeçmə mexanizmlərinin, eləcə də, yüksək effektivliyə malik fotoqəbuledicilər, günəş elementləri, yüksək düzləndirmə əmsalına malik diodlar, spektrin geniş oblastında işləyə bilən optronlar, fotoqəbuledicilər üçün, eləcə də mikro-, nanonelektron elementlərin, nanoölçülü hissəciklərin və nanomaterialların hazırlanmasında istifadə olunma imkanlarını araşdırıb. Rəsmi opponentlər Fizika elmləri doktoru, professor Hüseynov Cahangir İslam oğlu (ADPU-nun Ümumi fizika kafedrasının müdiri), Fizika elmləri doktoru, dosent Əfəndiyeva İzzət Məmməd qızı (BDU-nun nəzdində Fizika Problemləri ETİ, Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi), Fizika elmləri doktoru, dosent Hüseynov Hüseynağa İbrahim oğlu (AZMİU-nun Fizika və Kimya kafedrasının dosenti) iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Xanməmmədova Elmiranın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Xanməmmədova Elmira Ələsgərovnaya 2211.01 – “Bərk cisimlər fizikası” xtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!