Dissertasiya işinin müdafiəsi keçirilib
23 dekabr 2022-ci ildə Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun sabiq doktorantı Abbasov Hakim Fikrət oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən BED 2.19 Dissertasiya Şurasında 2204.01 - "Maye fizikası" ixtisası üzrə “Müxtəlif fraksiyalı polietilenqlikolların sulu məhlullarında və bir sıra suspenziyalarda qarşılıqlı təsir və struktur xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvi, professor Aydın Kazımzadə iclası açıq elan edərək 12 nəfər Şura üzvündən 10 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.e.d. İzzət Əfəndiyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Hakim Abbasov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Hakim Abbasov bildirdi ki, dissertasiya işi, nanoflüid, ferroflüid, mikroflüid, kvars suspenziyası, müxtəlif fraksiyalı polietilenqlikolların duru sulu məhlulları kimi dispers sistemlərdə dispers fazanın hissəcikləri ilə dispersiv mühitin qarşılıqlı təsiri nəticəsində yaranan struktur dəyişikliklərinin dispers sistemin termofiziki və reoloji xassələrində rolunu öyrənməyə həsr olunub. İşdə, nanoflüidlərdə bərk nanohissəciklə onun ətrafındakı strukturlu nanotəbəqə arasındakı Van der Vaals cazibə qarşılıqlı təsir enerjisini hesablamaqla strukturlu nanotəbəqənin qalınlığı təyin edilib, nanohissəciklərin aqreqasiyasını və nanohissəciklərin ətrafında strukturlu nanotəbəqənin mövcudluğunu nəzərə almaqla nanoflüidlərin istilikkeçiriciliyi üçün yeni modellər verilib, nano-, ferro- və mikroflüidlərin yüksək istilikkeçiriciliyinin səbəbləri araşdırılıb, müxtəlif molekulyar kütləli polietilenqlikolların (600, 1000, 1500, 3000, 6000, 20000) sulu məhlulları üçün makromolekulların bir sıra xarakteristikaları: makromolekulyar zəncirin ucları arasında orta kvadratik məsafə, Kun seqmentinin uzunluğu və seqmentlərin sayı, xarakteristik özlülük, Haggins sabitləri, Mark-Kun-Hauvinq tənliyinin parametrləri, kəsişmə konsentrasiyası və özlü axının aktivləşmə enerjisi temperaturdan və polimerin molekulyar kütləsindən asılı olaraq təyin edilib. Rəsmi opponentlər AMEA-nın müxbir üzvü, professor Səlimə Mehdiyeva, professor Əhməd Hacıyev, professor Niftalı Qocayev və professor Müsavər Musayev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri professor Oktay Qasımov və professor Aydın Kazımzadə, professor Şahlar Əsgərov, dissertasiya işinin elmi məsləhətçisi professor Eldar Məsimov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Hakim Abbasovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki BED 2.19 Dissertasiya Şurası Hakim Fikrət oğlu Abbasova 2204.01 – Maye fizikası ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!