Dissertasiya işinin müdafiəsi keçirilib
27 sentyabr 2024-cü ildə BDU-nun Fizika fakültəsinin "Maddə quruluşu" kafedrasının sabiq doktorantı Əsədova Aynur Heydərqulu qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2206.01 - Molekulyar fizika ixtisası üzrə "Aqaroza hidrogelinin fiziki-kimyəvi xassələrinə bir sıra hidrofil və hidrofob təbiətli əlavələrin təsiri" mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədr müavini AMEA-nın müxbir üzvi, professor Aydın Kazımzadə iclası açıq elan edərək 20 nəfər Şura üzvündən 18 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva Nəbi qızı daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Aynur Əsədova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Aynur Əsədova bildirdi ki, dissertasiya işi, aqaroza hidrogelinin fiziki-kimyəvi xassələrinin tədqiqinə həsr olunb. İşdə, bir sıra üzvi və qeyri-üzvi kiçikmolekullu birləşmələrin bu xassələrə təsiri öyrənilib, gelin strukturunun, fəza torunun formalaşması, geləmələgəlmə prosesi təhlil olunub, həmçinin aqarozanın suda məhlulundakı hissəciklərinin sayının və ölçüsünün, geləmələgəlmə və gelin ərimə temperaturlarının aqarozanın konsentrasiyasından asılılığı, aqarozanın suda məhlulundakı ionların təbiəti, konsentrasiyasıı, yürüklüyü və müxtəlif hidrofob və hidrofol əlavələrin sadalanan bu parametrlərə təsiri araşdırılıb. Rəsmi opponentlər fizika üzrə elmlər doktoru, dosent,Gülnara Haqverdiyeva Əhməd qızı, fizika üzrə elmlər doktoru, professor, Müsavər Musayev Abdusalam oğlu və fizika üzrə fəlsəfə doktoru Aygün İbrahimli Balayaz qızı dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri AMEA-nın müxbir üzvi, professor Aydın Kazımzadə, professor Niftalı Qocayev elmi rəhbər professor Eldar Məsimov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Aynur Əsədovanın fizika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Aynur Heydərqulu qızı Əsədovaya 2206.01 - Molekulyar fizika ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!