Dissertasiya işinin müdafiəsi keçirilib
10 fevral 2022-ci ildə BDU-nun Fizika fakültəsinin "Nanomaterialların kimyəvi fizikası" kafedrasının sabiq dissertantı, Fizika fakültəsinin tyutoru Hümbətov Şirxan Ərəstun oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya Şurasında 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə "Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri" mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvi, professor Aydın Kazımzadə iclası açıq elan edərək 12 nəfər Şura üzvündən 12 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Həbibə Şirinova Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Şirxan Hümbətov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Şirxan Hümbətov bildirdi ki, dissertasiya işi, maye kristal-BaTiO3 hissəcikli sistemlərin qarşılıqlı təsirlərinin aydınlaşdırılmasına həsr olunb. İşdə, müsbət və mənfi dielektrik anizotropiyasına malik iki fərqli maye kristal matrisə BaTiO3 hissəciklərinin ölçü effektinin təsiri öyrənilmişdir. Təcrübələrdə nümunələrin dielektrik, elektrooptik və termik xassələri araşdırılıb. Rəsmi opponentlər AMEA-nın həqiqi üzvü, professor Oqtay Səmədov, fizika elmləri doktoru Cahangir Hüseynov, fizika-riyaziyyat elmləri namizədi Eldar Ələkbərov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri professor Hüseyn Məmmədov və professor Şahlar Əsgərov, Maddə quruluşu kafedrasının müdiri professor Eldar Məsimov, elmi rəhbər, f.-r.e.n., dosent Abbas İmaməliyev iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Şirxan Hümbətovun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki BFD 2.19 Dissertasiya Şurası Şirxan Ərəstun oğlu Hümbətova 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!