Dissertasiya işinin müzakirəsi keçirilib
2 may 2024-cü ildə ETN-nin Fizika İnstitutunun "Nüvə və Yüksək enerjilər fizikası" laboratoriyasının elmi işçisi, doktorant Nəsibova Nərmin Əliməmməd qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasında 2212.01 – Nəzəri fizika ixtisası üzrə "Sonlu temperaturda adron qarşılıqlı təsirlərinin holoqrafik kvant xromodinamikasında tədqiqi" mövzusunda fizika üzrə fəlsəfə doktoru almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri professor Sərhəddin Abdullayev iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 7-sinin iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Nərmin Nəsibova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər AMEA-nın müxbir üzvü, professor Vəli Hüseynov, f.-r.e.n., dosent Vətən Bədəlov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. Həmçinin professor Mais Süleymanov öz çıxışında, dissertasiya işinin müasir təcrübi mərkəzlərin maraq dairəsində olduğunu qeyd edərək, nəticələrin əhəmiyyətini vurğuladı. Seminarda professor Şakir Nağıyev, professor Rauf Cəfərov, elmi rəhbər Şahin Məmmədov və başqaları dissertasiya işi haqqında öz fikir və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Nərmin Nəsibovaya fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Nəsibova Nərmin Əliməmməd qızının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Sonlu temperaturda adron qarşılıqlı təsirlərinin holoqrafik kvant xromodinamikasında tədqiqi" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2212.01 – "Nəzəri fizika" ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.