Dissertasiya işinin müzakirəsi keçirilib
7 may 2024-cü ildə BDU-nun Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasının laborantı, Maddə quruluşu kafedrasının sabiq doktorantı Əsədova Aynur Heydərqulu qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2206.01 - Molekulyar fizika ixtisası üzrə "Aqaroza hidrogelinin fiziki-kimyəvi xassələrinə bir sıra hidrofil və hidrofob təbiətli əlavələrin təsiri " mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri professor Niftalı Qocayev iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 8-nin iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Aynur Əsədova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər ADPU-nun "Ümumi fizika" kafedrasının müdiri, f.e.d., prof. C.İ.Hüseynov və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Xilasetmə işinin təşkili şöbəsinin müdir müavini, f.r.e.n., V.İ.Hüseynov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Aynur Əsədovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Əsədova Aynur Heydərqulu qızının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Aqaroza hidrogelinin fiziki-kimyəvi xassələrinə bir sıra hidrofil və hidrofob təbiətli əlavələrin təsiri" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2206.01 – "Molekulyar fizika" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.