Dissertasiya işinin müzakirəsi keçirilib
11 mart 2024-cü ildə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar ETL-nin kiçik elmi işçisi, Fizika fakültəsinin "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı, Güləhmədov Orxan Güləhməd oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə "Mikro- və nanostrukturlu polisiloksan və neylon təbəqələr əsasında triboelektrik generatorlar" mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri, professor Cavad Abdinov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən hamısının iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Orxan Güləhmədov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər Fizika Problemləri ETİ, Kondensə olunmuş hal fizikası şöbəsinin müdiri, f.-r.e.d Fərhad Rüstəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Fizika kafedrasının dosenti f.ü.f.d. Ceyran Sultanova dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Orxan Güləhmədovun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Güləhmədov Orxan Güləhməd oğlunun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Mikro- və nanostrukturlu polisiloksan və neylon təbəqələr əsasında triboelektrik generatorlar" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.