Dissertasiya işinin müzakirəsi keçirilib
23 dekabr 2021-ci ildə BDU-nun Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasının böyük laborantı, Optika və molekulyar fizika kafedrasının sabiq dissertantı Məmmədova Vüsalə Cəlali qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2211.01 – Bərk cisim fizikası ixtisası üzrə “Elektrokimyəvi çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onlar əsasındakı strukturların elektrik fotoelektrik və optik xassələri” mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri dosent. Sədiyar Rəhimov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən hamısının iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Bəxtiyar Paşayev dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər ADPU-nun Ümumi fizika kafedrasının müdiri, f.-r.e.d., prof. Cahangir Hüseynov və BDU-nun Fizika Fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının müəllimi, f.-r.e.n. dos. Rövşən Məmmədov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Vüsalə Məmmədovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Məmmədova Vüsalə Cəlali qızının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Elektrokimyəvi çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onlar əsasındakı strukturların elektrik fotoelektrik və optik xassələri" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2211.01 – Bərk cisim fizikası ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.