Dissertasiya işinin müzakirəsi keçirilib
25 yanvar 2024-cü ildə Azərbaycan Tibb Universitetinin “Tibbi və bioloji fizika” kafedrasının dosenti, BDU-nun Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasının sabiq doktorantı Əmirov Şahmərdan Şahbaz oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasının Elmi Seminarında “2211.01 – Bərk cisimlər fizikası” ixtisası üzrə “Metamateriallarda və qeyri-xətti optik kristallarda lazer şüalanmalarının üç və dörd tezlikli qarşılıqlı təsirləri“ mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri f.e.d., dosent Sədiyar Rəhimov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən hamısının iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Şahmərdan Əmirov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər BDU-nun Fizika Problemləri ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri, f.r.e.d. Fərhad Rüstəmov, AzMİU-nun Fizika və Kimya kafedrasının dosenti, f.e.d. Hüseynağa Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndislik və tətbiqi elmlər kafedrasının professoru, f.e.d. Rəna Babayeva dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Şahmərdan Əmirovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Əmirov Şahmərdan Şahbaz oğlunun fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Metamateriallarda və qeyri-xətti optik kristallarda lazer şüalanmalarının üç və dörd tezlikli qarşılıqlı təsirləri“ mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi “2211.01 – Bərk cisimlər fizikası” ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.