Dissertasiya işinin müzakirəsi keçirilib
19 yanvar 2022-ci ildə BDU-nun Milli Aerokosmik Agentliyinin doktorantı Sultanova Ceyran Rafiq qızının BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2222.01 - "Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov iclası açıq elan edərək 7 nəfər Seminar üzvündən 7 nəfər iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Ceyran Sultanova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər fizika elmləri doktoru, professor Cahangir Hüseynov və fizika üzrə fəlsəfə doktoru Xədicə Əhmədova dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Ceyran Sultanovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Sultanova Ceyran Rafiq qızının “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2222.01 - "Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.