Dissertasiya işinin müzakirəsi keçirilib
14 noyabr 2022-ci ildə BDU-nun Fizika Problemləri İnstitutunun sabiq doktorantı Abbasov Hakim Fikrət oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən BED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2204.01 - Maye fizikası ixtisası üzrə “Müxtəlif fraksiyalı polietilenqlikolların sulu məhlullarında və bir sıra suspenziyalarda qarşılıqlı təsir və struktur xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov iclası açıq elan edərək 7 nəfər Seminar üzvündən hamısının iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Hakim Abbasov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər professor Eldar Qocayev, f.e.d. Larisa İsmayılova və professor Həmzə Seyidli dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Gizli səsvermə keçirildi və iclas iştirakçıları Hakim Abbasovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Abbasov Hakim Fikrət oğlunun fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Müxtəlif fraksiyalı polietilenqlikolların sulu məhlullarında və bir sıra suspenziyalarda qarşılıqlı təsir və struktur xüsusiyyətləri” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2204.01 – “Maye fizikası” ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.