Dissertasiya işinin müzakirəsi keçirilib
22 dekabr 2021-ci ildə BDU-nun Fizika fakültəsinin "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Qəhrəmanlı Lalə Rasim qızının BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2222.01 - "Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə "Texnoloji şəraitin CdxZn1- xS nanohissəciklərinin fiziki xassələrinə təsiri" mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov iclası açıq elan edərək 7 nəfər Seminar üzvündən 6 nəfər iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Lalə Qəhrəmanlı dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər “Optika və molekulyar fizika” kafedrasının müdiri, professor Rəna Qasımova və Azərbaycan Texniki Universitetinin Energetika və Avtomatika fakültəsinin Mühəndis fizikası və elektronika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Xədicə Əhmədova dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Lalə Qəhrəmanlının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Qəhrəmanlı Lalə Rasim qızının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Texnoloji şəraitin CdxZn1- xS nanohissəciklərinin fiziki xassələrinə təsiri" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2222.01 - "Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.