Dissertasiya işinin müzakirəsi keçirilib
03 noyabr 2023-cü ildə BDU-nun Fizika fakültəsinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının dosenti, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun “Elektronoqrafiya” laboratoriyasının sabiq doktorantı Eldar Şahsuvar oğlu Ələkbərovun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2211.01 - “Bərk cisimlər fizikası” ixtisası üzrə “А3В3С qrupunun birləşmələri əsasında bərk məhlulların nazik təbəqələrində faza keçidləri və kristallaşma kinetikası” mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri f.e.d., dos. Sədiyar Rəhimov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 8 nəfər iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Eldar Ələkbərov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər f.-r.e.d., dos. Fərhad Rüstəmov, f.e.d., dos. Namiq Niftiyev və f.e.d., dos. Bəxtiyar Nəcəfov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Gizli səsvermə keçirildi və iclas iştirakçıları Eldar Ələkbərovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Eldar Şahsuvar oğlu Ələkbərovun fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “А3В3С qrupunun birləşmələri əsasında bərk məhlulların nazik təbəqələrində faza keçidləri və kristallaşma kinetikası” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2211.01 – “Bərk cisimlər fizikası” ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.