Dissertasiya müzakirəsi keçirilib
5 mart 2024-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Fizika və Kimya kafedrasının dissertantı Bayramova Aynurə İsa qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2211.01 - “Bərk cisimlər fizikası” ixtisası üzrə “Cuİn5S8 və Cu3İn5S9 kristallarının elektrik, fotoelektrik və optik xassələrinin xüsusiyyətləri” mövzusunda fizika üzrə fəlsəfə doktoru dissertasiyasının müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri f.e.d. dos. Sədiyar Rəhimov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 8 nəfərin iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Aynurə Bayramova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər AzTU-nun “Mühəndis fizikası və elektronika”
kafedrasının müdiri, f. e.d., professor Mətanət Mehrabova və BDU-nun Bərk cisimlər fizikası kafedrasının müdiri, fizika-riyaziyyat elimləri namizədi, dosent Mehdi Mahmudov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Aynurə Bayramovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Bayramova Aynurə İsa qızının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Cuİn5S8 və Cu3İn5S9 kristallarının elektrik, fotoelektrik və optik xassələrinin xüsusiyyətləri” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2211.01 – "Bərk cisimlər" ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.