Dissertasiya Şurasının ilk iclası keçirilib
23 iyun 2023-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində yaradılmış ED 2.19 Dissertasiya Şurasının ilk iclası keçirilib. Dissertasiya Şurasının sədri professor Hüseyn Məmmədov bildirdi ki, ED 2.19 Dissertasiya Şurasında üç ixtisas - 2206.01 – Molekulyar fizika, 2211.01 – Bərk cisimlər fizikası, 2212.01 – Nəzəri fizika ixtisasları üzrə müdafiələrin təşkili həyata keçiriləcək. O, Şuranın 21 nəfərdən ibarət tərkibi haqqında məlumat verdi. Sonra, təşkilati məsələlər və qarşıdakı illərdə Şuranın fəaliyyətinin təşkili ilə bağlı məsələlər müzakirə olundu. Şura üzvləri Şuranın fəaliyyətinin səmərəli və keyfiyyətli təşkili və digər məsələlərlə bağlı öz fikirlərini bildirdilər.
İclasın gündəliyində duran digər məsələyə uyğun olaraq Xanməmmədova Elmira Ələsgərovnanın 2211.01 – Bərk cisimlər fizikası ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “ZnS(Se)-ZnTe sistemi nazik təbəqələrinin və onların əsasında strukturların elektron xassələri” mövzusunda dissertasiya işinin müzakirəsi üçün yaradılmış işçi qrupun qərarı əsasında rəsmi opponentlər və yekun müdafiənin keçiriləcəyi vaxt təyin edildi. İclasda qəbul olunmuş qərarlar Şura üzvlərinin açıq səsverməsi ilə qəbul edildi.