Doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib

05 noyabr 2025-ci il tarixində Fizika fakültəsinin Astrofizika və Nəzəri fizika kafedralarının birgə elmi seminarında "Astrofizika" kafedrasının dissertantı, Astrofizika kafedrasının müdiri, dosent Kəmalə İlyas qızı Alışevanın 2108.01 “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə astronomiya elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Təkamülün son mərhələsində olan ulduzların fotometrik və spektral xüsusiyyətləri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Nəzəri fizika kafedrasının müdiri dosent Məmməd Rəcəbov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verib. Kəmalə Alışeva dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə edib. Rəyçilər, a.e.d. Zahir Səmədov və AMEA-nın müxbir üzvü, professor, f.r.e.d. Əyyub Quliyev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndiriblər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirib və iclas iştirakçılarının suallarını cavablandırıb. Açıq səsvermə keçirilib və iclas iştirakçıları Kəmalə Alışevanın astronomiya elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs veriblər.
Qərar qəbul olunub ki, Kəmalə İlyas qızı Alışevanın təqdim etdiyi "Təkamülün son mərhələsində olan ulduzların fotometrik və spektral xüsusiyyətləri" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2108.01 – "Astrofizika və ulduz astronomiyası" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir.