Ekonofizika elmi istiqaməti müzakirə olunub
17 noyabr 2022-ci il tarixində Fizika fakültəsinin elmi seminarında Yarımkeçiricilər fizikası kafedrasının professoru Maarif Cəfərov yeni elmi istiqamət kimi tanınan “Ekonofizika” haqqında təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, “Ekonofizika” termini ilk dəfə 1997-ci ildə maliyyə məlumatlarının təhlilinə statistik fizikanın üsullarının tətbiq olunduğu işlərin ümumi təhlilində işlənib. 1998-ci ildən etibarən Avropa və Şimali Amerikada mütəmadi olaraq ekonofizika üzrə konfranslar keçirilir. Həmin konfranslarda iqtisadi proseslərin idarə olunmasına fizikanın qanunlarının tətbiqinə dair elmi araşdırmaların nəticələri təqdim olunub. M.Cəfərov qeyd etdi ki, hazırda bir çox aparıcı universitetlərdə ekonofizika üzrə mütəxəssis hazırlığı aparılır və bu ixtisas gələcəyin ixtisası hesab olunur. O, həmin ali təhsil müəssisələrində ekonofizika ixtisası üzrə tədris prosesinin xüsusiyyətləri barədə danışdı, xüsusən nəzəri fizikanın öyrənilməsinin zəruriliyini qeyd etdi. Eyni zamanda, bir sıra fiziki qanunauyğunluqların və proseslərin iqtisadiyyatda tətbiq oluna biləcəyi sahələri nümunə kimi göstərdi. Son zamanlar müxtəlif illərdə iqtisadiyyat sahəsində Nobel mükafatı almış 3 nəfərin baza təhsilinin fizika olması da fiziki biliklərin iqtisadiyyatın inkişafında nə qədər yararlı olduğunu göstərir. Bu sahənin mütəxəssislərinin müəyyən etməsinə görə, iqtisadi hadisələrin öyrənilməsi üçün fizikanın metodologiyasından istifadə olunduğu tədqiqatları ekonofizika kimi təsnif etmək olar.
Məruzəçi Moskva Dövlət Universitetinin nümunəsində ekonofizika ixtisası üzrə mütəxəssis hazırlığı məqsədilə tədris prosesinin təşkili, tədris olunan fənlər və s. barədə məlumat verdi. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin magistratura təhsil pilləsində bu ixtisas üzrə kadr hazırlığı üçün görülməli olan işlərdən danışdı.
Fakültə dekanı Bəxtiyar Paşayev təqdim olunan məruzənin tamamilə yeni elm sahəsinə aid olduğunu və gələcəyə hesablanmış iqtisadiyyat üçün aktual olduğunu qeyd etdi. Digər seminar iştirakçıları da mövzunun maraqlı olduğunu, bu sahədə tədris prosesinin təşkilinin zəruriliyini qeyd etdilər. Məruzəçi iştirakçıların suallarını cavablandırdı.