“Elm günü” ilə bağlı seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Fizika və Mexanika-riyaziyyat fakültələrinin 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş birgə seminarı keçirilib. Seminarda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Nüvə və yüksək enerjiler fizikası laboratoriyasının rəhbəri, professor Şakir Nağıyevin “Kvant mexanikasında trayektoriyalar üzrə Feynman inteqralları haqqında” adlı məruzəsi dinlənilib. O, kvant mexanikasının bir neçə riyazi formasının mövcud olduğunu diqqətə çatdırıb, bu elmi istiqamətin ilk olaraq Verner Heyzenberqin matrisa mexanikası və Ervin Şredingerin dalğa mexanikası şəklində yarandığını qeyd edib.
XX əsrin 60-cı illərində tanınmış amerikalı nəzəri fizik Riçard Feynman kvant mexanikasına öz yanaşmasını təklif edib. O, öz yanaşmasında trayektoriyalar üzrə inteqralı əsas götürüb. Riçard Feynmanın şərhində hadisələrin kvant nəzəriyyəsi sonsuz sayda klassik fəza-zaman trayektoriyalarının təbii ümumiləşməsi kimi ortaya çıxır və bu trayektoriyalardan hər biri kvant zərrəciyinin A nöqtəsindən B nöqtəsinə keçidinin ümumi ehtimalına özünün müəyyən bir payını verir.
Şakir Nağıyev Riçard Feynmanın hansı eksperimental nəticələr və nəzəri mühakimələr nəticəsində trayektoriyalar üzrə inteqral anlayışına gəlib çıxdığını izah edib.
Seminarın sonunda müzakirələr aparılıb.