Elmi seminarda bimetal nanohissəciklər barədə danışılıb

11 dekabr 2025-ci il tarixində Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrası və BDU Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməlik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının birgə elmi seminarı keçirilib. Seminarda kimya elmləri doktoru, dosent Flora Hacıyeva “Bimetal nanohissəciklər, onlar əsasında kompozitlər və tətbiq perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Flora Hacıyeva son zamanlar bimetal nanohissəciklərin alınmasına və fiziki-kimyəvi xüsusiyyətlərin tədqiqinə marağın artdığını vurğulayıb. O qeyd edib ki, bimetal nanohissəciklər 2 metal arasındakı sinergetik effektlər hesabına yüksək aktivlik, stabillik və selektivliklə xarakterizə olunurlar. Flora Hacıyeva bimetal nanohissəciklərin materialşünaslıqda yüksək tezlikli elektromaqnit dalğalarının udulması və ekranlaşmasında, yüksək tezlikli induktor və transformatorların alıanmasında, maqnit informasiya daşıyıcıları və sensorlarında; tibbdə və biotexnologiyada dərmanların məqsədyönlü daşınmasında, şişəleyhinə terapiyalarda, biosensor və diaqnostik qurğularda, antibakterial və virusəleyhinə vasitələrdə; ekologiyada suyun və torpağın üzvi çirkləndiricilərdən, ağır metallardan və nitratlardan təmizlənməsində, karbon monooksidin və dioksidin metanlaşmasında; katalizdə oksidləşmə-reduksiya reaksiyaları və hidridləşmədə, elektrokimyəvi proseslərdə, boyaların deqradasiyasında, havanın çirkləndiricilərdən təmizlənməsində və sair sahələrdə geniş istifadə olunduğunu bildirib. O, bimetal nanohissəciklərin quruluşu haqqında məlumat verərək bildirib ki, onlar bərk məhlul, intermetallidlər, subklasterlər, nüvə-örtük, çoxtəbəqəli nüvə-örtük və təktəbəqəli çoxnüvəli-örtük tipli quruluşlar əmələ gətirə bilirlər. Flora Hacıyeva bimetal nanohissəciklərini təşkil edən metalların təbiətinin, metallar arasındakı rabitənin möhkəmliyinin, atomların ölçülərinin, elektron konfiqurasiyalarının, səth enerjisinin, metallar arasında yük daşınmasının və sair faktorların onların xassələrinin formalaşmasında çox böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Daha sonra Flora Hacıyeva dəmir əsaslı FeNi, FeCu, FePd və mis əsaslı CuSn, CuPd bimetal nanohisssəciklərinin suksessiv metodla reduksiya prosesi nəticəsində sintezi və stabilləşdirilməsi, quruluşunun tədqiqi, sintez olunan bimetal nanohissəciklərin quruluşunun müxtəlif müasir tədqiqat metodları (Skanedici elektron mikroskopiyası, keçirici elektron mikroskopiyası, rentgen diffraksiya analizi, atom-qüvvət mikroskopiyası və sair) ilə öyrənilməsi və bimetal nanohissəciklərin quruluşu və xassələri arasındakı əlaqə barədə məlumatları seminar iştirakçılarına təqdim edib.
Seminarın sonunda suallar cavablandırılıb və müzakirələr aparılıb.