Elmi seminarda doktorluq dissertasiyasının müzakirəsi keçirilib
30 iyun 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının doktorantı Daşdəmirov Arzu Ouc oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2211.01 - “Bərk cisimlər fizikası” ixtisası üzrə “Optik aktiv halkogenidlərdə termik və optik xassələrin formalaşmasına kation-kation əvəzləmələrinin təsiri” mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri fizika elmləri doktoru, dosent Sədiyar Rəhimov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 8-i iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirib. Arzu Daşdəmirov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, BDU-nun “Bərk cismlər fizikası kafedrası”nın professoru, fizika-riyaziyyat elmləri doktoru, professor Tariyel İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professoru fizika elmləri dotoru, prof. Rəna Babayeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, ATU-nun “Tibbi və bioloji fizika” kafedrasının dosenti, fizika elmləri doktoru Şahmərdan Əmirov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Gizli səsvermə keçirildi və iclas iştirakçıları Arzu Daşdəmirovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Daşdəmirov Arzu Oruc oğlunun fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Optik aktiv halkogenidlərdə termik və optik xassələrin formalaşmasına kation-kation əvəzləmələrinin təsiri” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2211.01 - “Bərk cisimlər fizikası” üzrə fizika elmləri doktoru elmi dərəcəsi almağa layiqdir və dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.