Elmi seminarda fakültətiv məşğələlərin metodikası müzakirə olunub
26 noyabr 2024-cü il tarixində Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının elmi seminarında kafedranın müəllimi Tofiq Abdullayev “Fakültətiv məşğələlərdə məsələ həllinin metodikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, orta məktəb fizika kursunda fizikanın öyrənilməsinə ayrılan vaxtın təxminən 3-də biri məslə həll etmək üçün ayrılır. Bu məsələlər fiziki anlayıların formalaşmasına xidmət edir və çətinlik dərəcələri o qədər də yüksək olmur. Buna görə də çətinlik dərəcəsi artırılmış məsələlərin həllini dərsdənkənar məşğələlərdə aparmaq daha məqsədəuyğundur. Fakültətiv məşğələlərin aparılmasında məqsəd, məsələlərin daha geniş dairəsini əhatə etməklə, şagirdlərin riyazi, məntiqi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməkdir. Bu dərsdənkənar məşğələlər müxtəlif məsələlərin həlli prosesini və onların həlli üsullarını öyrənməyə və tətbiq etməyə yönəlmişdir. Əsas məqsəd tələbələrin məntiqi düşüncə tərzini formalaşdırmaq və onların fərdi müstəqil işlərə marağının artırılmasını təmin etməkdir. Fakültətiv məşğələlərdə, qruplarda şagirdlərin sayı az olur, maraq dairələri isə eyni olur və bu hal müəllimin məsələ həll etməkdə qarşıya qoyduğu məqsədə daha tez çatmasına səbəb olur. Fakültətiv məşğələlərdə həll edilən məsələlər şagirdlərin fənn olimpiyadalarında müvəffəqiyyətlə iştirak etməsinə motivasiya yaradır.