Elmi seminarda İkiölçülü kristalların elektron strukturu barədə danışılıb

04 dekabr 2025-ci il tarixində Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının növbəti elmi seminarı keçirilib. SeminardFizika institutunun əməkdaşı Suma Hüseynova “Ikiölçülü (2D) kristalların elektron strukturunun təməl prinsiplərindən (ab initio) modelləşdirilməsi” mövzusunda çıxış edib. S.Hüseynova qeyd edib ki, Funksional Sıxlıq Nəzəriyyəsi çərçivəsində təməl prinsiplərdən (first principles) istifadə etməklə ikiölçülü kristalların (qrafen, GaSe) aşqarlanmasının elektron quruluşu nəzəri olaraq araşdırılıb. Həmçinin qrafendə bir C atomunun Si atomu ilə əvəzolunması nəticəsində strukturun yarımkeçirici xassəsinin meydana çıxdığı nəzəri olaraq hesablamalarda göstərilib. Müxtəlif vakansiyalı və aşqar atomları vurmaqla superqəfəslərin zona quruluşu, hallar sıxlığı və vakansiya halları üçün atomlar arasındakı məsafə hesablanıb. Göstərilib ki, ideal kristaldakı bütün halların dalğa funksiyaları bütün kristalda paylanır və hər vahid qəfəsdə eyni ehtimal amplituduna malikdir. Bu da yarımkeçiricilərin (GaS, GaSe) xassələrinə (elektrik, optik, termoelektrik) güclü təsir göstərir. Hər hansı bir aşqarın kristala daxil edilməsi və ya başqa bir defektin strukturda ortaya çıxması səbəbindən həmin quruluşda periodiklik pozulur və lokal enerji səviyyələri yaranır. Bununla belə, əksər hallarda lokal səviyyələr kristalın əsas energetik boşluğunda yaranır. Qrafen superqəfəslərinin xüsusiyyətləri Ümumiləşdirilmiş Gradiyent Yaxınlaşması (GGA) istifadə edilərək öyrənilib. Karbon vakansiyaları olan və Ge ilə aşqarlanmış qrafen superqəfəslərində antiferromaqnit spin nizamlanması aşkar edilərək və karbon atomlarında yaranan lokal maqnit momentləri Mülliken populyasiya analizi vasitəsilə müəyyən edilib.
Hesablamalar ab initio paket proqramları vasitəsilə yerinə yetirilib. Müəyyən edilib ki, nəticələr təcrübi qiymətlərlə uyğunluq təşkil edir.
Seminarın sonunda suallar cavablandırılıb və müzakirələr aparılıb.