Elmi seminarda kvant Holl effekti müzakirə olunub

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbirlər çərçivəsində 22 aprel 2026-cı il tarixində Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın professoru, fizika-riyaziyyat elmləri doktoru Taryel İsmayılov “Kvant Holl effekti” mövzusunda məruzə edib.
Məruzə zamanı qeyd olunub ki, kvant Holl effekti makroskopik səviyyədə müşahidə olunan nadir kvant hadisələrindən biri olmaqla müasir fizikanın ən fundamental və intensiv tədqiq olunan effektlərindən biri hesab olunur. Bu hadisə ikiölçülü elektron qazında aşağı temperatur və güclü maqnit sahəsinin təsiri altında baş verir və elektrik keçiriciliyinin kvantlanması ilə xarakterizə olunur. Kvant Holl effektinin kəşfi bərk cisim fizikası sahəsində yeni elmi istiqamətlərin formalaşmasına təkan vermiş və həm nəzəri, həm də eksperimental tədqiqatların inkişafında mühüm rol oynamışdır. Bundan əlavə, bu effekt kvant elektrodinamikası və yüksək dəqiqlikli metrologiya sahələrində də böyük əhəmiyyət kəsb edir; xüsusilə elektrik müqavimətinin fundamental standartının müəyyən edilməsində geniş tətbiq olunur.
Müasir tədqiqatlarda kvant Holl effektinin iki əsas növü fərqləndirilir: tam ədədli Holl effekti və kəsr ədədli Holl effekti. Bu hadisələr fiziki mexanizmlərinə görə bir-birindən fərqlənsə də, hər ikisi ikiölçülü elektron sistemlərində enerji səviyyələrinin Landau kvantlanması nəticəsində formalaşması və Holl keçiriciliyinin diskret, yəni kvantlanmış qiymətlər alması ilə xarakterizə olunur. Effektin ən mühüm xüsusiyyətlərindən biri Holl keçiriciliyinin universal xarakter daşımasıdır: o, sistemin mikroskopik xüsusiyyətlərindən və maddənin konkret parametrlərindən asılı olmayaraq yalnız fundamental fiziki sabitlərlə müəyyən olunur. Təqdim olunan işdə əsas diqqət tam ədədli Holl effektinin fiziki mahiyyətinin və əsas xüsusiyyətlərinin nəzəri baxımdan təhlilinə yönəldilib. Tam ədədli kvant Holl effekti güclü maqnit sahələri və kifayət qədər aşağı temperatur şəraitində müşahidə olunur və ikiölçülü elektron qazında eninə müqavimətin maqnit sahəsinin səthə normal komponentindən (və ya sabit maqnit sahəsində elektronların səthi konsentrasiyasından) asılı olaraq kvantlanmış qiymətlər alması ilə xarakterizə edilir. Bu zaman eninə müqavimətin sabit qaldığı və “plato” adlanan sahələrin formalaşdığı müşahidə olunur. Məruzə çərçivəsində bu effektin tətbiq perspektivləri də nəzərdən keçirilmişdir. Qeyd edilmişdir ki, tam ədədli kvant Holl effekti praktik baxımdan metrologiyada yüksək dəqiqlikli müqavimət standartı kimi çıxış edir, texnoloji aspektdə nanoelektronika və kvant cihazlarının yaradılması üçün fundamental baza rolunu oynayır, nəzəri baxımdan isə topoloji fizikanın formalaşması və inkişafında mühüm əhəmiyyət kəsb edir.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.