Elmi seminarda Nadir İbrahimov barədə danışılıb
30 dekabr 2022-ci il tarixində Azərbaycan astronomiya elminə böyük töhvələr vermiş alim Nadir İbrahimovun 90 illiyinə həsr olunmuş Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarı giriş sözü ilə açan Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva Nadir İbrahimov haqqında qısa məlumat verdi. Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik cisimlər” şöbəsinin müdiri Ədalət Ətai Nadir İbrahimovun həyatı və elmi fəaliyyəti barədə danışdı. Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayıb. O, rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olub, 1966-cı ildə Ukrayna EA-nın akademiki N.P.Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası" mövzusunda dissertasiya müdafiə edib.
Şamaxı Astrofizika Rəsədxanasında 2 metrlik teleskop işə düşdükdən sonra N.İbrahimov Mars planetinin atmosferinin kimyəvi tərkibini öyrənmək məqsədilə Marsın yüksək dispersiyalı spektrini alıb, 1971-ci ildə Mars planetini böyük qarşıdurma zamanı müşahidə edib.
Nadir İbrahimov öz həmkarlarıyla birgə müxtəlif işıq süzgəcləriylə Marsın iki mindən artıq fotoşəklini çəkib. Bütün bu müşahidələrin nəticələri planetin səthində detalların parlaqlığının müntəzəm dəyişdiyini, onun atmosferində toz hissəciklərinin əmələ gəlib-yox olmasını göstərdi. Marsda bənövşəyi rəngli buludların planetdə gecə və gündüzün bərabərləşdiyi vaxtda daha güclü olması müəyyənləşdirildi. Həmin il İbrahimov Marsın o dövr üçün ən qiymətli olan şəklini çəkdi. O, Marsın spektral müşahidələrini yerinə yetirərək planetin atmosferində azot oksidi molekullaının nəzərə alınmayacaq miqdarda olduğunu göstərmişdir. Bu, sonradan "Vikinq 1" və “Vikinq 2” ABŞ kosmik aparatlarının verdiyi nəticələrə uyğun gəlir. Nadir İbrahimovun əhəmiyyətli elmi işlərindən biri Venera planetinin qaranlıq tərəfinin spektrini almaq və şüalanma xətlərinin varlığını göstərmək olub. Bu şüalanma xətlərini yaradan müsbət ionlar sonralar sovet "Venera" planetlərarası kosmik aparatlarının topladığı materiallarda müşahidə edilib.
Nadir İbrahimovnəhəng planetlərin tədqiqində də bir sıra əhəmiyyətli işlər görüb, onların hər birinin atmosferində molekulyar qazların olub-olmamasını araşdırıb. O, Yupiterin atmosferində ammonium və hidrogen qazlarının miqdarını təyin edib, Saturnun spektrində metan qazına məxsus zəif udulma xətlərini aşkar edib, Uran və Neptunun spektrində isə hələlik heç bir xətlə eyniləşdirilməmiş udulma zolaqlarının olduğunu müəyyənləşdirib. Nadir İbrahimov Ədalət Ətayi ilə birlikdə 1974-cü ildə Yupiterin peyki İoda natrium, maqnezium, dəmir və kalsiumun olması nəticəsinə gəlmiş, bu nəticənin doğruluğu 1979-cu il martın 4-də Yupiterin yaxınlığından keçən "Voyacer 2" planetlərarası kosmik aparatının verdiyi məlumatlarla sübut edilib.
Nadir İbrahimov Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini alib və planetin xəritəsini tərtib edib. 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında Mars səthindəki krater onun şərəfinə adlandırılıb.
Seminar iştirakçıları Nadir İbrahimov barədə fikirlərini söylədilər. Nadir İbrahimovun qızı, 3 saylı orta məktəbin fizika müəllimi Natəvan Abbasova atası barədə xatirələrini bölüşdü, belə bir tədbirin təşkili üçün minnətdarlığını bildirdi.