Elmi Şuranın iclası keçirilib
27 fevral 2023-cü il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə Fizika fakültəsində 2022-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə hesabat, 2022-2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri barədə hesabat, doktorantların attestasiyası, ixtisas fənni üzrə fəlsəfə doktoru imtahan proqramının təsdiqi və cari məsələlər daxil edilib. Elmi Şuranın sədri, fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək, gündəliyi iştirakçılara təqdim etdi. Elmi Şura üzvləri gündəliyi təsdiq etdikdən sonra əvvəlcə doktorantların attestasiyasının keçirilməsi təklif olundu. Elmlər doktoru proqramı üzrə Kəmalə Alışeva, Nəzakət Kərimli, Aybəniz Hüseynova, Hicran İbrahimova, Məcid Qocayev, Rövşən Məmmədov, Şahmərdan Əmirov 2022-ci il ərzində görülmüş işlər, çap olunmuş elmi işlər barədə məlumat verdilər. Elmi Şura üzvlərinin səsverməsi ilə adları çəkilən doktorantlar attestasiyadan keçmiş hesab olundular.
Sədr elmi hesabatı təqdim etdi. O, bildirdi ki, hesabat ilində fakültənin elmi istiqamətləri üzrə tədqiqat işləri davam etdirilib. Fakültə əməkdaşları tərəfindən ümumilikdə 131 elmi məqalə (o cümlədən 59-u indeksli jurnallarda), 9 dərs vəsaiti çap olunub. 2022-ci il ərzində fakültə üzrə 15 seminar, kafedralarda isə 41 seminar, 13 ustad dərsi, Dissertasiya Şurasının 33 seminarı keçirilib. Müdafiə edənlərin əksəriyyəti diplomlarını alıb. TEC və THİK 2022-ci ildə birgə 8 seminar keçirib.
Hesabat dövründə fakültə əməkdaşları bir çox respublika konfrans və simpoziumlarda məruzələrlə çıxış ediblər.
2022-ci ildə AMEA-nın illik hesabatına daxil edilmək üçün fakültə tərəfindən 9 nəticə təqdim olunub.
2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri ilə bağlı məlumat verən Bəxtiyar Paşayev qeyd etdi ki, qış imtahan sessiyası müvafiq qaydalar əsas götürülərək keçirilib. Tələbələr imtahan sualları ilə vaxtında tanış edilib, imtahan biletləri və imtahan vərəqələri vaxtında hazırlanıb və təhvil verilib. İmtahanlarda 1106 tələbə iştirak edib, onlardan 845 nəfər müvəffəq qiymətlər alıb, 606 tələbənin müəyyən fənlərdən akademik borcları qalıb. 20 tələbə bütün imtahanlardan əla (A) qiymətlər alıb. Bütün kurslar üzrə müvəffəqiyyət göstəricisi 78%, keyfiyyət göstəricisi isə 23% olub. Magistratura pilləsində İmtahanlarda 125 tələbə iştirak edib. Hər iki kursda müvəffəqiyyət və keyfiyyət göstəricisi yüksək olub, 92% və 82 % təşkil edir. I kursda 19 nəfər, II kursda 42 nəfər bütün fənnlərdən A alaraq əlaçı olub. Akademik borcu olan tələbələrin ümümu sayı 10 nəfər təşkil edir.
Hesabtla bağlı Əhməd Abdinov, Niftalı Qocayev, Eldar Məsimov, Əli Hüseynov çıxış edərək bildirdilər ki, dərslərin keyfiyyətinin və tələbələrin müvəffəqiyyət göstəricisinin qaldırılması üçün müxtəlif yollar axtarmaq, təkliflər vermək lazımdır.
Bununla da Elmi Şura növbəti iclasını başa vurdu.