Elmlər doktoru dissertasiyasının ilkin müzakirəsi keçirilib
17 iyun 2025-ci il tarixində BDU-nun Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası”, “Yarımkeçiricilər fizikası” kafedralarının BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar ETL ilə birgə elmi seminarında "“Nanomaterialların kimyəvi fizikası” kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi dosent Aybəniz Sabir qızı Hüseynovanın 2222.01- “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Müxtəlif nanohissəciklərlə modifikasiya olunmuş nanokompozitlərin quruluşu və elektret xassələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclası “Yarımkeçiricilər fizikası” kafedrasının müdiri professor Vaqif Salmanov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Aybəniz Hüseynova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, akademik Təyyar Cəfərov, professor Eldar Məsimov, professor Nüşabə Hacıyeva dissertasiya işi haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Aybəniz Hüseynovanın fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Aybəniz Sabir qızı Hüseynovanın təqdim etdiyi “Müxtəlif nanohissəciklərlə modifikasiya olunmuş nanokompozitlərin quruluşu və elektret xassələri” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2222.01- “Nanoquruluşların fizikası və texnologiyası”ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir.