Fakültənin şəhid məzununun ailəsi ziyarət olunub
12 noyabr 2022-ci tarixində fizika fakültəsinin əməkdaşları fakültənin 2-ci Qarabağ savaşında səhid olmuş məzunu Səhriyar Həbibinin ailəsini ziyarət ediblər.
Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, noyabrın 6-da Qubadlı döyüşlərində həlak olub. Lənkəranın Osaküçə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Fizika fakültəsinin dekan müavinləri Şəhla Hacıyeva və Məhəmməd Məhərrəmov, müəllimlər Tərlan Hüseynov, Xıdır Mikayılov, Niyazi Həsənov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Lamiyə Həmidova əvvəlcə səhid Səhriyar Həbibinin məzarını ziyarət etdilər, əklil qoydular. Fakültənin müəllimləri Şəhriyar barədə xatirələrini bölüşdülər. Osaküçə kənd bələdiyyəsinin sədri Həkət Cavadova və kənd orta məktəbin müəllimləri Osaküçə kəndinin gənclərinin Vətən müharibəsi dövründə nümayiş etdirdikləri vətənpərvərlikdən danışdılar. Bildirdilər ki, Osaküçə kəndi Qarabağ uğrunda savaşlarda 17 şəhid, o cümlədən ikinci Qarabağ savaşında 5 şəhid verib. Həmin şəhidlərin xatirəsi həmişə əziz tutulur. Kəndin mərkəzində xeyirxah insanlar tərəfindən Osaküçə şəhidlərinə gözəl bir abidə tikilib. Fizika fakültəsinin əməkdaşları həmin abidəni ziyarət etdilər və sonra Şəhriyar Həbibinin ailəsinə baş çəkdilər. Onlar Şəhriyarın anası və digər qohumları ilə görüşdülər, onun ev muzeyi ilə tanış oldular, çay süfrəsi arxasında Şəhriyar və onun kimi gənclərin qəhrəmanlığı barədə, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı barədə söhbətlər edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!