Fakültənin şəhid məzununun ailəsi ziyarət olunub
12 noyabr 2022-ci tarixində Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyev və Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müəllimi Ruslan Nuriyev fakültənin 2-ci Qarabağ savaşında şəhid olmuş məzunu Fikrət Zeynallının ailəsini ziyarət ediblər.
Fikrət Zeynallı 23 fevral 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2012-2016-cı illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fikrət Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fikrət Zeynallı noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fikrət Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Fizika fakültəsinin əməkdaşları şəhid Fikrət Zeynallının məzarını ziyarət etdilər, əklil qoydular. Fakültənin müəllimləri Fikrət barədə xatirələrini bölüşdülər. Kənd bələdiyyə nümayəndələri və orta məktəbin müəllimləri Fikrət Zeynallının Vətən müharibəsi dövründə nümayiş etdirdiyi vətənpərvərlikdən danışdılar. Onlar bildirdilər ki, şəhidlərin xatirəsi həmişə əziz tutulur. Aşağı Öysüzlü kəndində Fikrət bulağı yaradılıb. Fizika fakültəsinin əməkdaşları həmin abidəni ziyarət etdilər, sonra Fikrət Zeynallının ailəsinə baş çəkdilər. Onlar ailə üzvləri və qohumlarla görüşdülər, Fikrət Zeynallının ev muzeyi ilə tanış oldular. Çay süfrəsi arxasında Fikrət və onun kimi gənclərin qəhrəmanlığı barədə söhbətlər edildi, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışıldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.