Fəlsəfə doktoru dissertasiyasının müzakirəsi keçirilib
15 fevral 2024-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Fizika və Kimya kafedrasının sabiq dissertantı Rəfiyev Nurlan Mərhəmət oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 2211.01 - “Bərk cisimlər fizikası” ixtisası üzrə “(Fe-Ni)1-x Mx (M=Si, B) amorf ərintilərin quruluşu və maqnit xassələrinə termiki emalın təsiri” mövzusunda fizika üzrə fəlsəfə doktoru dissertasiyasının müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri f.e.d. dos. Sədiyar Rəhimov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 8 nəfərin iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Nurlan Rəfiyev dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər fizika üzrə elmlər doktoru, ADPU-nun Ümumi fizika kafedrasının dosenti Namiq Niftiyev və BDU-nun Yarımkeçiricilər Fizikası kafedrasının baş müəllimi Rövşən Məmmədov, dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Nurlan Rəfiyevin fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Rəfiyev Nurlan Mərhəmət oğlunun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “(Fe-Ni)1-x Mx (M=Si, B) amorf ərintilərin quruluşu və maqnit xassələrinə termiki emalın təsiri” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2211.01 – "Bərk cisimlər" ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.