Fizika fakültəsi Astrofizika kafedrasının elmi seminarı keçirilib
13 aprel 2023-cü il tarixində BDU Fizika fakültəsi “Astrofizika” kafedrasının elmi seminarı keçirilib. Seminarda fakültənin II kurs magistrantı Günel Rüstəmova “AG Dra simbiotik ulduzun eşelle spektrlərinin emalının müasir metodları” mövzusunda çıxış edib. Məruzədə müasir rəqəmsal eşelle spektrlərinin işlənməsindən bəhs olunub, Windows Əməliyyat Sistemində işləyən və spektrlərin emalı üçün nəzərdə tutulmuş DECH 30 proqramı haqqında ətraflı məlumat verilib. Həmin proqramda AG Dra simbiotik ulduzunun rəqəmsal eşelle spektrlərinin emal olunması, spektrofotometrik parametrlərin - intensivliyin, ekvivalent və yarım enin, şüa sürətlərinin spektrdən müxtəlif üsullarla təyini metodları, profillərin dalğa uzunluğu və şüa sürətləri şkalasında qurulması göstərilib. Spektrlər ARAS spektral verilənlər bazasından endirilib. Spektral oblast ll3800-8000 Å Å, spectral ayırdetmə R=λ/Dλ=11000¸14000 təşkil edib. 2017-2021-ci il dövrü üçün AG Dra simbiotik ulduzunun 20 eşelle spektrinə görə H𝛼, və HeII şüalanma xəttləri və soyuq nəhəngə məxsus udulma xətləri tədqiq edilib. Scargle –Furye analizi nəticəsində udulma xətlərinin şüa sürətlərinin güc spektri qurulub və 549.45 günlük period aşkar edilib. Bu Fekelin tapdığı qiymətə (548,65 gün) çox yaxındır. Udulma xətlərinin və parlaqlığın faza diaqramları qurulub və 2017-2021-ci illər üçün Ha xəttinin profilinin qoşa sistemin orbital hərəkətindən (fazadan) asılı olaraq dəyişməsinə baxılıb. H𝛼 xəttinin profillərinin fazadan asılı olaraq dəyişməsi digər xətlərlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Məlum olmuşdur ki, Fazanın 0.9¸0.3 qiymətləri aralığında Ha profilləri iki komponentli (qırmızı-R və bənövşəyi- V) quruluş göstərir. Digər fazalarda isə bənövşəyi komponent yoxa çıxır və yalnız qırmızı komponentdən ibarət quruluş göstərir. Hesab olunur ki, 𝐻𝛼 xəttinin profilindəki bu dəyişmə sırf ulduzun orbital hərəkəti ilə bağlıdır.