Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
15 dekabr 2022-ci il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə Tələbə Elmi Cəmiyyətinin illik hesbatı, kafedralarda boş olan yerlərə seçkilərin keçirilməsi və cari məsələlər daxil edilib. Fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək gündəlikdəki məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. Tələbə Elmi Cəmiyyətinin hesabatı ilə Aidə Əhmədova çıxış etdi. O, hesabat müddətində TEC-in fəaliyyəti, keçirilmiş seminarlar və tədbirlər, TEC-in təşkilatçılığı ilə keçirilmiş tələbələrin “Gələcəyin alimləri” adlı elmi konfransı barədə məlumat verdi. Hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edildi. Sonra kafedralarda boş olan yerlərə seçkilər keçirildi. Gizli səsvermə ilə Əmirova Səbinə İkram qızı “Fiziki elektronika” kafedrasına 0,5 ştat müəllim, Bəşirov Mirnamiq Mirəhmədağa oğlu “Nəzəri fizika” kafedrasına 0,5 şt. dosent, Ələkbərov Eldar Şahsuvar oğlu “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasına dosent, DadaşovaVüsalə Valeh qızı “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasına dosent, Məhəmmədov Əlnağı Zəkəray oğlu “Yarımkeçiricilər fizikası” kafedrasına dosent vəzifələrinə seçiliblər. “Bərk cisimlər fizikası” kafedrasına professor vəzifəsini tutmaq üçün İsmayılov Tariyel Hümbət oğlunun namizədliyinin BDU Elmi Şurasına təqdim olunması qərara alındı.
Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatıb.