Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
21 dekabr 2023-cü il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- 2023/2024 tədris ilinin qış imtahanlarına hazırlıq
- Fizika fakültəsində 2023-cü ildə aparılan elmi-tədqiqat işlərinin hesabatı
- Kafedralarda açıq dərslərin keçirilməsi barədə məlumat
- Elmi seminarların keçirilməsi barədə məlumat
- Cari məsələlər
Elmi Şuranın sədri fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək gündəliyi şura üzvlərinin müzakirəsinə təqdim etdi. Gündəlik təsdiq edildikdən sonra Bəxtiyar Paşayev 1-ci bəndlə bağlı bildirib ki, ümumən, 2023/2024 tədris ilinin qış imtahanlarına hazırlıq üçün lazımi işlər görülüb. Imtahan cədvəlləri tərtib olunub, İmtahan biletləri hazırlanıb, təqdim olunub.
Gündəlikdəki 2-ci, 3-cü və 4-cü bəndlərlə bağlı kafedra müdirləri hesabat xarakterli məlumat veriblər.
Cari məsələlər olaraq Bərk cisim fizikası kafedrasının əyani doktoranturasına qəbul olunmuş Rağib Dəmirovun dissertasiya işinin mövzusunun və elmi rəhbərlərinin təyin olunması məsələsinə baxılıb. Dissertasiya işinin mövzusu “Yarımmaqnit yarımkeçiricilərdə ölçü effektləri” kimi, elmi rəhbərləri professor Sofya Fiqarova və dosent Mehdi Mahmudov təsdiq olunublar.
İkinci məsələ Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Hicran İbrahimovanın doktorluq dissertasiyası mövzusunun adının dəyişdirilməsi ilə bağlı oldu. Kafedradan daxil olmuş çıxarışda dissertasiya mövzusunun “Metal, metal oksidləri və termoplastik nanokompozitlərin elektrik və mexaniki yanaşma xassələri” adının dəyişdirilərək “ZrO2 və Sio2 nanohissəcikləri daxil edilmiş polimerlərdə mexaniki, termiki və elektron xassələri” kimi verilməsi təklif olunub. Təklif Elmi Şura tərəfindən qəbul olunub.
Üçüncü məsələ fəlsəfə doktoru proqramı üzrə Fiziki elektronika kafedrasının doktoranturasına qəbul olunmuş Elvin Bəxtiyarlının dissertasiya işinin mövzusunun və elmi rəhbərlərinin təsdiq olunması barədə olub. Elvin Bəxtiyarlının dissertasiya işinin mövzusu “Təmiz və nikellə aşqarlanmış polimer aralıq laylı Au polimerin Si strukturlarının elektrik parametri və xassələri” kimi, elmi rəhbərlərinin BDU Fizika Problemləri ETİ-nin aparıcı elmi işçisi, fizika elmləri doktoru disent İzzət Əfəndiyevanın və Ankara Qazi Universitetinin professoru, fizika elmləri doktoru Şəmsəttin Altındalın təyin edilməsi haqqında qərar qəbul olunub.
Sonuncu məsələ Fiziki elektronika kafedrasının professoru vəzifəsini icra edən fizika elmləri doktoru Tərlan Hüseynovun “Professor” elmi adı alması üçün sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi barədə BDU Elmi Şurası qarşısında vəsatət qaldırılması barədə olub. Eimi Şura bu məsələ ilə bağlı müsbət qərar qəbul etdi.