Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
22 oktyabr 2024-cü il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- I kurs magistr dissertasiya işlərinin mövzu və elmi rəhbərlərinin təsdiqi
- IV kurs tələbələrinin buraxılış işlərinin mövzu və elmi rəhbərlərinin təsdiqi
- ARETN-nin illik hesabatına daxil edilmək üçün fakültədə 2024-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirəsi
- Cari məsələlər
Əvvəlcə Elmi Şuranın sədri, fakültə dekanı Bəxtiyar Paşayev universitet rəhbərliyinin bir sıra göstərişləri və tövsiyələri ilə Şura üzvlərini tanış edib. O, bildirib ki, BDU-nun reytinqinin yüksəldilməsi məsələsi fəaliyyətimizin prioritetlərindən olmalıdır. Bu məqsədlə, yüksək reytinqli elmi jurnallarda məqalələrin dərc edilməsi məsələsinə xüsusi diqqət ayrılmalıdır. Professor-müəllim heyətinin təhsilalanların nizam-intizam qaydalarına əməl etmələri üçün onlarla daima tərbiyəvi söhbətlər aparmaları tövsiyə olunub. B.Paşayev həmçinin doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, ilk 6 ay ərzində görməli olduqları işlər barədə qoyulmuş yeni tələbləri diqqətə çatdırıb.
Birinci və ikinci məsələlər barədə fakültə dekanı Bəxtiyar Paşayev məlumat verib. O, əvvəlki illərdə magistr dissertasiya işlərinin və buraxılış işlərinin mövzuları ilə bağlı anlaşılmazlıqlar yarandığını, ona görə də təklif olunan mövzuların Elmi Şurada müzakirə olunmasının məqsədəuyğun hesab edildiyini bildirib. Dissertasiyaları və buraxılış işlərinin mövzuları Elmi Şura üzvlərinə təqdim edilib. Müzakirələr nəticəsində bəzi təqdim olunan mövzulara düzəliş edilməsi, bəzilərinin dəyişdirilməsi təklif olunub. Elmi Şura üzvlərinin səsverməsi ilə I kurs magistr dissertasiya işlərinin və IV kurs tələbələrinin buraxılış işlərinin mövzuları düzəlişlər nəzərə alınmaqla təsdiq olunub.
Üçüncü məsələ ilə bağlı Elmi işlər üzrə dekan müavini Şəhla Hacıyeva məlumat verərək bildirib ki, kafedralar 2024-cü ildə həyata keçirilmiş elmi-tədqiqat işlərinin mühüm nəticələrini dekanlığa təqdim ediblər. Həmin nəticələr Elmi Şura üzvlərinə təqdim edilib. Elmi Şura həmin nəticələrin BDU elmi hissəsinə təqdim edilməsini qərara alıb.
Cari məsələ olaraq Nanomaterialların kimyəvi fizikası kafedrasının elmlər doktoru proqramı üzrə 2222.01 – “Nanomateraialların fizikası və texnologiyası” ixtisasında əyani doktorantı Lalə Qəhrəmanlının qiyabi təhsil formasına keçirilməsi ilə bağlı kafedranın təklifi əsasında BDU Elmi Şurası qarşısında vəsadət qaldırılması qərara alınıb. Digər bir cari məsələ Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayevin hazırladığı “Ümumi fizika kursu. Elektrik və maqnetizm” adlı kitabına nəşr hüququnun verilməsi ilə bağlı olub. Kafedanın bununla bağlı bağlı kafedranın iclasından çıxarış müzakirə olunub və BDU Elmi Şurası qarşısında vəsadət qaldırılması barədə qərar qəbul olunub.