Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
27 yanvar 2022-ci il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1) Fiziki elektronika, Optika və molekulyar fizika, Bərk cisimlər fizikası, Astrofizika kafedraları üzrə boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün seçkinin keçirilməsi
2) Cari məsələlər
Fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək bildirdi ki, “Xalq qəzeti”nin 2021-ci il 30 noyabr tarixli (№ 259 (29801) buraxılışında dərc olunmuş elana əsasən Fizika fakültəsi üzrə boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün 2021-ci il 30 dekabr tarixinədək (1 ay ərzində) Fiziki elektronika kafedrasına 1 iddiaçı - professor Əhməd Abdinov, Optika və molekulyar fizika kafedrasına 1 iddiaçı - professor Rəna Qasımova, Bərk cisimlər fizikası kafedrasına 1 iddiaçı - dosent Mehdi Mahmudov, Astrofizika kafedrasına 1 iddiaçı - dosent Kəmalə Alışeva ərizə ilə müraciət etmişdir. Bakı Dövlət Universitetinin rektorunun müvafiq əmri ilə yaradılmış sənəd qəbulu Komissiyası namizədlərin sənədlərini yoxlayaraq qəbul etmişdir.
Qaydalara uyğun olaraq kafedra müdiri vəzifəsinə namizədlərlə bağlı kafedra əməkdaşlarının rəyini öyrənmək üçün iclaslar keçirilib. Ayrı-ayrı kafedralarda keçirilmiş iclaslarda açıq səsvermənin nəticələrinə əsasən Fiziki elektronika kafedrasının əməkdaşları (leyhinə 14, əleyhinə 0, bitərəf 0) olmaqla professor Əhməd Abdinovun, Optika və molekulyar fizika kafedrasının əməkdaşları (leyhinə 12, əleyhinə 0, bitərəf 0) olmaqla professor Rəna Qasımovanın, Bərk cisimlər fizikası kafedrasının əməkdaşları (leyhinə 7, əleyhinə 0, bitərəf 0) olmaqla dosent Mehdi Mahmudovun, Astrofizika kafedrasının əməkdaşları isə (leyhinə 5, əleyhinə 0, bitərəf 0) olmaqla Kəmalə Alışevanın uyğun kafedralara müdir vəzifəsinə keçməsi üçün namizədliyini Fizika fakültəsinin Elmi Şurasının müzakirəsinə təqdim ediblər.
Bəxtiyar Paşayev bildirdi ki, qaydalara uyğun olaraq Kafedra müdiri fakültə Elmi Şurasının ümumi iclasında iştirakçıların 2/3 hissəsinin iştirakı ilə gizli səsvermə yolu ilə seçilir. Səsvermə prosesi bitdikdən sonra iclas iştirakçılarını gizli səsvermənin nəticələri ilə tanış etmək üçün sözü Hesablama Komissiyasının sədri Məmməd Rəcəbova verildi. Məmməd Rəcəbov gizli səsvermənin nəticələrini Şura üzvlərinin diqqətinə çatdırdı. Sonra gizli səsvermənin nəticlələri açıq səsvermə yolu ilə də təsdiq edildi.
Beləliklə Fizika Fakültəsinin Elmi Şurası qərara alır: Gizli səsvermənin nəticələrinə əsasən Əhməd Şahvələd oğlu Abdinov Fiziki elektronika kafedrasının, Rəna Cümşüd qızı Qasımova Optika və molekulyar fizika kafedrasının, dosent Mehdi Müqabil oğlu Mahmudov Bərk cisimlər fizikası kafedrasının və dosent Kəmalə İlyas qızı Alışeva isə Astrofizika kafedrasının müdiri vəzifəsinə seçilmiş hesab edilsin.
Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatıb.