Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
28 yanvar 2022-ci il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1) Yarımkeçiricilər fizikası, Ümumi fizika və fizikanın tədrisi metodikası, Nəzəri fizika kafedraları üzrə boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün seçkinin keçirilməsi
2) Cari məsələlər
Fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək bildirdi ki, “Xalq qəzeti”nin 2021-ci il 30 noyabr tarixli (№ 259 (29801) buraxılışında dərc olunmuş elana əsasən Fizika fakültəsi üzrə boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün 2021-ci il 30 dekabr tarixinədək (1 ay ərzində) Yarımkeçiricilər fizikası kafedrasına 1 iddiaçı – professor Vaqif Müseyib oğlu Salmanov, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasına 1 iddiaçı – dosent Rəhim Şükür oğlu Rəhimov, Nəzəri fizika kafedrasına 2 iddiaçı – dosent Məmməd Rəcəb oğlu Rəcəbov və dosent Azər İnşalla oğlu Əhmədov ərizə ilə müraciət etmişdir. Bakı Dövlət Universitetinin rektorunun müvafiq əmri ilə yaradılmış sənəd qəbulu Komissiyası namizədlərin sənədlərini yoxlayaraq qəbul etmişdir.
Qaydalara uyğun olaraq kafedra müdiri vəzifəsinə namizədlərlə bağlı kafedra əməkdaşlarının rəyini öyrənmək üçün iclaslar keçirilib. Ayrı-ayrı kafedralarda keçirilmiş iclaslarda açıq səsvermənin nəticələrinə əsasən Yarımkeçiricilər fizikası kafedrasının əməkdaşları (leyhinə 8, əleyhinə 0, bitətəf 0) olmaqla Vaqif Salmanovun, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının əməkdaşları (leyhinə 8, əleyhinə 0, bitətəf 0) olmaqla həm Nadir Qəhrəmanovun, həm də Rəhim Rəhimovun, Nəzəri fizika kafedrasının əməkdaşları isə (leyhinə 5, əleyhinə 0, bitətəf 0) olmaqla həm Məmməd Rəcəbovun, həm də Azər Əhmədovun uyğun kafedralara müdir vəzifəsinə keçməsi üçün namizədliyini Fizika fakültəsinin Elmi Şurasının müzakirəsinə təqdim ediblər.
Bəxtiyar Paşayev bildirdi ki, qaydalara uyğun olaraq Kafedra müdiri fakültə Elmi Şurasının ümumi iclasında iştirakçıların 2/3 hissəsinin iştirakı ilə gizli səsvermə yolu ilə seçilir. Səsvermə prosesi bitdikdən sonra iclas iştirakçılarını gizli səsvermənin nəticələri ilə tanış etmək üçün sözü Hesablama Komissiyasının sədri Əhməd Abdinova verildi. Əhməd Abdinov gizli səsvermənin nəticələrini Şura üzvlərinin diqqətinə çatdırdı. Sonra gizli səsvermənin nəticələri açıq səsvermə yolu ilə də təsdiq edildi.
Beləliklə Fizika Fakültəsinin Elmi Şurası qərara alır: Gizli səsvermənin nəticələrinə əsasən professor Vaqif Müseyib oğlu Salmanov Yarımkeçiricilər fizikası kafedrasının, dosent Rəhim Şükür oğlu Rəhimov Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının, dosent Məmməd Rəcəb oğlu Rəcəbov Nəzəri fizika kafedrasının müdiri vəzifəsinə seçilmiş hesab edilsin.
Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatıb.