Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
12 iyul 2023-cü il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- 2022-2023-cü tədris ilinin yaz sessiyasının nəticələri
- Yekun Dövlət Attestasiyasının nəticələri
- Cari məsələlər
Elmi Şuranın sədri fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək gündəliyi şura üzvlərinin müzakirəsinə təqdim etdi. Gündəlik təsdiq edildikdən sonra Bəxtiyar Paşayev ilk 2 məsələ ilə bağlı məlumat verdi. Fakültədə 2023-cü ilin birinci yarımilliyi ərzində görülmüş işlər, keçirilmiş konfranslar və seminarlar, ustad dərsləri, sosial tədbirlər barədə geniş məlumat verdi. 2022-2023-cü tədris ilinin yaz sessiyasının nəticələrinə dair təhlili məlumat təqdim olundu. Yekun Dövlət Attestasiyasında bakalavrların və magistrantların göstərdiyi nəticələr Elmi Şura üzvlərinin diqqətinə çatdırıldı. Məruzə ətrafında Yarımkeçiricilər fizikası kafedrasının müdiri Vaqif Salmanov və Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov çıxış edərək, fakültənin hesabat müddətində məhsuldar fəaliyyət göstərdiyini, fakültənin dekan tərəfindən BDU Böyük Elmi Şurasında təqdim olunan hesabatının yüksək qiymətləndirildiyini bildirdilər və hesabatın qənaətbəxş qəbul olunmasının təklif etdilər. Fakültə Elmi Şurasının üzvlərinin səsverməsi ilə hesabat qəbul olundu. Cari məsələ olaraq Ümumi fizika və FTM kafedrasından magistrantın elmi rəhbərinin və dissertasiya mövzusunun dəyişdirilməsi ilə bağlı daxil olmuş təklifə baxıldı. Təklif olunan elmi rəhbərin və dissertasiya mövzusunun magistrantın ixtisaslaşmasına uyğun olmadığı diqqətə çatdırılaraq, həmin məsələnin kafedrada təkrar müzakirə olunması təklif olundu.
Sonda fakültə rəhbərliyi məzuniyyət dövründə əməkdaşlara xoş istirahətlər arzuladı və bununla fakültə Elmi Şurasının iclası başa çatdı.