Fizika fakültəsi Gənc Alimlər Şurasının elmi seminarı keçirilib
28 fevral 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi-Tədqiqat laboratoriyasının və Fizika fakültəsinin Gənc Alimlər Şurasının növbəti birgə elmi seminarı keçirilib. Seminarda Fizika fakültəsinin tələbələri Mətanət Babayeva və Nərmin Əhmədova "Qrafen və qrafen oksidi materiallarının alınması, tədqiqi və nanotexnologiyanın müxtəlif sahələrində tətbiqi” mövzusunda çıxış ediblər. Onlar elmi ədəbiyytın təhlilinə əsasən bildiriblər ki, bu tip materialların müxtəlif sahələrdə uğurla tətbiqi, son illərdə aparılan tədqiqatlar əsasında xeyli artıb. Unikal xassələrə malik olan qrafen və qrafen oksidi müasir dövrdə sensorların, elektronikanın, hədəf dərmanların və s. yaradılmasında olduqca əhəmiyyətlidir. Həmçinin, bu cür materialların bio uyğunluğu onların canlı sistemlərdə 3D çap texnologiyasının tətbiqinə uğurla inteqrasiya olunur. Seminarın sonunda Fizika fakültəsi Gənc Alimlər Şurasının sədri Orxan Güləhmədov gənclərə mövzu ilə əlaqədar suallar və tapşırıqlar verərək onlara uğurlar arzulayıb.
Gənc Alimlər Şurasının mütəmadi olaraq keçirilən seminarları Fizika fakültəsinin tələbələrinin, magistrant və doktorantlarının elmi tədqiqat işlərinin aparılmasına cəlb olunması və gənclərin müxtəlif tipli layihələrdə aktiv iştirak etməsi məqsədi daşıyır.