Fizika fakültəsi Gənc Alimlər Şurasının iclası keçirilib.
31 yanvar 2025-ci il tarixində Fizika fakültəsi Gənc Alimlər Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın sədri Orxan Güləhmədov 2024-cü ildə görülmüş işlərdən danışıb. O, Şuranın normativ-hüquqi bazasının yaradıldığını, təşkilati məsələlərin həll olunduğunu və fakültənin magistrantları və gənc tədqiqatçıları arasında iş aparıldığını qeyd edib. Fakültə dekanı Bəxtiyar Paşayev 2025-ci ildə fakültə Gənc Alimlər Şurası qarşısında duran vəzifələri Şura üzvlərinin diqqətinə çatdırıb. O, Şuranın Fizika fakültəsinin digər təşkilatları, xüsusilə Tələbə Elmi Cəmiyyəti ilə sıx əlaqədə çalışmalı olduğunu, bakalavrlar və magistrantlar arasında tədqiqata marağı olan istedadlı gənclərin üzə çıxarılmasının, onların kafedralarda elmi tədqiqatlara cəlb edilməsinin zəruriliyini diqqətə çatdırıb. Həmçinin, populyar mövzulara, aparılan tədqiqatlara dair seminarların təşkilinin, həmin seminarlara tələbələrin cəlb edilməsinin əsas vəzifələrdən olduğunu bildirib. Şura üzvləri 2025-ci il üçün öz təkliflərini irəli sürüblər.