Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib

23 fevral 2026-cı il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Fizika bu gün” adlı elmi seminarının 2026-cı ildə ilk iclası keçirilib. Seminarda Fizika fakültəsinin III kurs FzM024S qrup tələbəsi Zeynəb Məmmədzadə “Kvant ölçü effektləri”, II kurs FzMing05 qrup tələbəsi Aynur Həsənova “Kosmik şüalar və Yerin müdafiəsi” mövzularında çıxış ediblər.
Zeynəb Məmmədova qeyd edib ki, kvant-ölçü effekti nanomiqyaslı sistemlərin davranışını müəyyən edən əsas fiziki hadisədir.Ölçü kiçildikcə bir sıra xassələr dəyişir. Kvant-Ölçü effekti Nanotexnologiyanın “əsas açarıdır”. O olmadan nanosəviyyədə müşahidə olunan unikal xususiyyətləri izah etmək və müasir texnologiyaya tətbiq etmək olmazdı. Bu effekt yalnız nəzəri anlayış deyil, müasir elmi texnoloji tərəqqinin əsas mexanizmlərindən biridir və gələcək texnologiyaların formalaşmasında strateji əhəmiyyət daşıyır.
Aynur Həsənov bildirib ki, kosmik şüalar kainatın müxtəlif bölgələrindən gələn, çox yüksək enerjiyə malik hissəciklərdir. Onlar işıq sürətinə yaxın sürətlə hərəkət edir və Yer atmosferinə daxil olduqda hava molekulları ilə toqquşaraq ikinci dərəcəli hissəciklər – pionlar, muonlar və digər zərrəciklər yaradırlar.
Bu proseslər nəticəsində müəyyən miqdarda radiasiya Yer səthinə qədər çata bilir. Lakin, Yer tam müdafiəsiz deyil. Planetimizi qoruyan iki əsas təbii sistem mövcuddur: atmosfer və maqnetosfer. Atmosfer kosmik şüaların böyük hissəsini udur və zəiflədir. Maqnetosfer isə yüklü hissəciklərin istiqamətini dəyişərək onları Yer səthindən uzaqlaşdırır. Məhz bu qoruyucu mexanizmlər sayəsində Yer üzərində həyat mümkün olmuşdur və bu gün də davam edir.
Bununla yanaşı, kosmik şüalar yalnız nəzəri fizika mövzusu deyil. Onlar müasir dünyada real təsirlərə malikdir. Güclü Günəş aktivliyi zamanı radiasiya səviyyəsi arta bilər, bu isə peyklərə, rabitə sistemlərinə, kosmonavtlara və hətta yüksək hündürlükdə uçan təyyarələrə təsir göstərə bilər.
Bu səbəbdən kosmik şüaların öyrənilməsi həm elmi baxımdan, həm də texnologiya və təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Onları anlamaqla biz həm kainatı daha yaxşı dərk edir, həm də gələcək kosmik tədqiqatları və insan fəaliyyətini daha təhlükəsiz edə bilirik.