Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib

30 aprel 2026-cı il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Fizika bu gün” adlı elmi seminarının növbəti iclası keçirilib. Seminarda Fizika fakültəsinin II kurs Fzming05 qrup tələbəsi Nərgiz Əlizadə “Fizika və musiqi: akustikanın sirləri”, I kurs Fzming06 qrup tələbəsi Abdullah Hacızadə “Kosmik lift – mexanikanın fantastik tətbiqi ilə mümkündürmü” mövzularında çıxış ediblər.
Nərgiz Əlizadə bildirib ki, bu tədqiqat səs fizikasının həm elmi, həm də sənət tərəflərini birləşdirir. O, akustikanın sahələri barədə danışaraq Akustikanın təkcə eşitmə deyil, həmçinin səsin su altında (Sualtı akustika), heyvanlar arasında (Bioloji), insan psixologiyasında və musiqidə (Musiqi akustikası) rolunu öyrənir.
Məruzəçi qeyd edib ki, insanın eşitmə həddi 16 Hz ilə 20,000 Hz arasında dəyişir. Səsin təsiri ilə müxtəlif fiziki proseslər yarana bilər. Səsin vibrasiyası vasitəsilə qum dənəciklərindən metal lövhə üzərində həndəsi naxışlar yaratmaqla səsi "görmək" olar.
Məruzəçi yekunda bildirib ki, musiqi fizikanın və riyaziyyatın ən estetik, emosional formasıdır. Tibbdə stetoskopdan, memarlıqda zalın akustikasına qədər səs həyatımızın hər yerindədir.
Abdullah Hacızadə qeyd edib ki, Kosmik Lift yalnız bir nəqliyyat sistemi deyil, bütün bəşəriyyətin Kosmosa çıxış paradiqmasını kökündən dəyişdirəcək bir inqilabdır. Hazırda raketlə orbital çatdırılma xərci kiloquram başına ~20.000 dollardır. Kosmik Lift bu xərci 200 dollardan az səviyyəyə endirməyi hədəfləyir. Kosmik liftin hazırlanması zamanı hissəcik liflərindən 1000 GPa-lıq vahid kristallara keçid sistemin 50 illik istismar müddətini təmin edəcək.